Avropa İttifaqı Rusiyanın RT kanalına Ukrayna müharibəsi haqda saxta təbliğat aparmaq ittihamı ilə sanksiya qoyub, onun birlik məkanında yayımını yasaqlayıb. Amma Kremlin birbaşa dəstəklədiyi bu kanal öz işindədir.
Novator.az saytı ABŞ-ın “Politico” qəzetinə istinadla xəbər verir ki, RT kanalı Avropa İttifaqı ölkələrində təbliğatını yaymaq üçün alman, ispan, fransız, ingilis dillərində xeyli sayda yeni saytlar yaradıb. Qəzet qeyd edir ki, bu taktika RT kanalına Avropa İttifaqının 27 ölkəsində milyonlarla izləyiciyə yetişmək imkanı verir.
“Politico” RT kanalının bu siyasətini Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların birbaşa pozulması kimi qiymətləndirir.
Qəzet yazır ki, bütün bunlar həm də Ukrayna müharibəsi haqda dezinformasiyaların qarşısını almaq istiqamətində atılan addımların təsirsiz qaldığı təəssüratı yaradır.
Bildirilir ki, Rusiyanın Ukraynaya qarşı total müharibəyə başlamasından 5 aydan çox, RT kanalının Avropa məkanında yayımlanmasına qoyulan qadağadan 4 ay ötsə də, Kremlin dəstəklədiyi bu kanal faktiki sanksiyalara məhəl qoymur.
Araşdırmalar nəticəsində RT kanalının, xüsusən ispan və alman dillərində yayımlanan “RT Deutsch” və “RT en Espanol” kanallarının az qala təkrarı olan 12 sayt üzə çıxıb.
Bu saytların İP ünvanları və “Google Analytics” identifikatorları, yəni saytları idarə etmək üçün istifadə etdikləri texniki alətləri birbaşa RT kanalı ilə bağlıdır.
RT kanalını təkrarlayan daha 5 sayt var ki, serverləri Rusiya ərazisində yerləşmir. 112 aqreqator sayt isə Qərb KİV-ləri ilə bərabər RT kanalının da xəbərlərinə yer veriblər və bunun reklam pulu müqabilində edildiyi ehtimal olunur.
“Politico” qəzeti iyulun 19-dan başlayaraq bütün bu saytlara Avropa məkanından girişin mümkün olduğunu vurğulayır.
Rəqəmsal metodlar üzrə mütəxəssislərdən biri “Politico”ya deyib ki, RT kanalının belə saytlar yaratmaqda məqsədi, təbii ki, sanksiyalardan yayınmaqdır: “İndi siz bunun qarşısını almaq istəsəniz, onlar bir başqa yol tapmağa çalışacaqlar”.
RT-nin yaratdığı saytların bir çoxu öz gücünə yox, sosial media sayəsində və “Google” axtarış sisteminin axtarış siyahılarında öndə görünməklə kifayət qədər populyarlaşa bilib.
“Politico” “Google” ilə əlaqə saxladıqdan sonra şirkət yeni yaradılmış bəzi RT saytlarını axtarış sistemindən silib.
Şirkət əlavə edib ki, Kremlə bağlı KİV-lərin əhatə dairəsini daraltmaq, o cümlədən onları axtarış siyahılarından çıxarmaq, bu media qurumlarının onlayn reklam vasitəsilə pul qazanmasının qarşısını almaq üçün lazımi tədbirlər görülüb və görülməkdədir.
Avropa İttifaqına bu ölkələr daxildir: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.
2014-cü ildə Ukraynanın Krım yarımadasını, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkədə total hərbi əməliyyatlar aparır, şərq və cənub bölgələrinin böyük bir hissəsini ələ keçirib. Avropa İttifaqı ölkələri və başqa demokratik ölkələr təcavüzə görə Rusiyaya minlərlə sanksiya qoyub.
Mənbə: Politico.eu