İqtisadçı, AXCP funksioneri Nemət Əliyev ixracdakı bahalaşmadan yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, Dövlət Gömrük Komitəsi 2022-ci ilin yanvar-iyun aylarında ölkədən 18,5 milyard dollar dəyərində mal ixrac olunduğunu açıqlayıb: “İxrac olunan mallar, rəsmi hesabata əsasən, ötən ilin eyni dövrünə nəzərən 77,3 faiz bahalaşıb. Bu iki rəqəmin əsasında sadə riyazi hesablamalar aparanda bahalaşmanın gətirdiyi əlavə gəlirin 8,1 milyard dollar olması üzə çıxır. Bunun 7,9 milyard dolları neft-qaz sektorunun hesabınadır. Yanvar-iyun aylarında xam neft, neft məhsulları və təbii qazın ixrac qiymətləri orta hesabla 87 faiz artıb.
2021-ci ildə neft-qaz sektorundan ixrac olunan mallar il boyunca 61 faiz bahalaşıb və bu hesaba ötən il 7,4 milyard dollar məbləğində əlavə gəlir götürülüb. Karbohidrogen ehtiyatlarının ixrac qiymətləri bu ilin ilk yarısında o qədər sürətlə artıb ki, bahalaşmanın gətirdiyi əlavə gəlir ötən ilin gəlirlərini 500 milyon dollar üstələyib.
Neft sektorundan ixrac olunan malların qiymətləri il yarımda 3 dəfə artıb və bu bahalaşma Azərbaycana əlavə olaraq 15,3 milyard dollar və ya 26 milyard manat qazandırıb.
Ucu-bucağı görünməyən bu milyardların üzərinə Gömrük Komitəsində süni şəkildə təşkil olunmuş idxal bahalaşmasından götürülən, habelə ölkədəki bazarlarda hökumətin təşviq etdiyi böyük bahalaşmadan qazanılan milyardları da əlavə etmək lazımdır.
Əldə olunan bu milyardlara nələr eləmək olmaz! Bu qədər vəsaitə nəinki uşaq pulu vermək, nəinki pensiyaları, qazilərə verilən sosial müavinətləri əhəmiyyətli dərəcədə artırmaq, hətta şəhər salmaq olar”.
Ekspertin açıqladığı rəqəmlərə münasibət bildirən AXCP sədri Əli Kərimli yazır ki, il yarımda əldə olunan 26 milyard manat ölkənin 17 yaşadək 2,6 milyon uşağına 8 il uşaq pulu verməyə yetəcək qədər böyük məbləğdir: “Dövlətin başından tökülmüş bu 26 milyard manatın təqribən üç-dörd faizi kifayətdir ki, şəhid ailələri ayda 1500 manat, müharibə əlilləri ortalama 1000 manat, müharibə veteranları 200 manat aylıq müavinətlə təmin olunsun”.