Gürcüstanın sabiq prezidenti, məhbus Mixail Saakaşvili siyasətdən gedir. İyulun 30-da yerli “İmedi” televiziyasına danışan vəkil Valeri Qelbaxiani belə deyib. Vəkilin açıqlamasına görə, Mixail Saakaşvili qərarı səhhətinin pisləşməsi üzündən qəbul etməyə məcbur olub.
Novator.az bildirir ki, Mixail Saakaşvili 1967-ci ildə Tbilisidə doğulub. Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunu bitirib.
1992-ci ildən Gürcüstanda hüquqşünaslığa başlayıb, sonrakı illərdə Fransanın Strasburq şəhərindəki Beynəlxalq İnsan Hüquqları İnstitutunda, ABŞ-ın Kolumbiya və Corc Vaşinqton universitetlərində təhsil alıb. Osloda Norveç İnsan Hüquqları İnstitutunda, Nyu-Yorkda hüquq firmasında çalışıb.
1995-ci ildə Mixail Saakaşvili Gürcüstana qayıdıb, iki dəfə parlamentin deputatı seçilib. 2000-ci ildə ədliyyə naziri təyin olunub.
2001-ci ildə prezident Eduard Şevardnadzeni korrupsiyada günahlandıraraq nazir vəzifəsindən istefa verib. 2002-ci ildən Tbilisi meri postunu tutub.
2003-cü ildə Eduard Şevardnadze hakimiyyətinə qarşı xalq hərəkatına başçılıq edən Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın dövlət başçısı postunu tutub.
Hazırda ana müxalifət sayılan Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk edib.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin olunub.
2015-ci il dekabrın 4-də Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi başqa ölkənin vətəndaşlığı göstərilib.
2016-cı ilin noyabrında Mixail Saakaşvili Odessa qubernatoru vəzifəsindən istefa verərək müxalifətə keçib.
2017-ci il iyulun 25-də Ukrayna prezidenti Pyotr Poroşenko onu vətəndaşlıqdan çıxarıb. Buna Mixail Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Həmin il Mixail Saakaşviliyə Ukraynada cinayət işləri qaldırılıb, ancaq onu həbs etmək mümkün olmayıb. 2018-ci il fevralın 12-də Mixail Saakaşvili ölkədən deportasiya edilib.
2019-cu ildə Vladimir Zelenski Ukrayna prezidenti seçiləndən sonra Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığı bərpa olunub. 2020-ci ildən Mixail Saakaşvili Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinə başçılıq edib.
Mixail Saakaşvili Gürcüstanda müxtəlif cinayət işləri üzrə qiyabi məsuliyyətə cəlb olunub. 2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi ona 3 il, iyunun 28-də 6 il müddətinə azadlıqdan məhrumetmə cəzaları kəsib.
2021-ci ilədək Tbilisi Şəhər Məhkəməsinin icraatında daha iki cinayət işi olub.
2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib.
Oktyabrın 20-də Gürcüstan Prokurorluğu Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürüb. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb. Bu iş də Tbilisi Şəhər Məhkəməsinin icraatına verilib.
Tutulduğu gündən aclıq aksiyası keçirən sabiq prezident noyabrın 8-də Xüsusi Penitensiar Xidmətin Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Noyabrın 20-də Müdafiə Nazirliyinin Qoridəki hərbi hospitalına aparılan sabiq prezident həmin gün aclığı dayandırıb və orada müalicə alıb, dekabrın 30-da Rustavi həbsxanasına qaytarılıb.
Sabiq prezident 2022-ci il fevralın 21-dən martın 10-dək Rustavi həbsxanasında bir daha aclıq aksiyası keçirərək gərəkli tibbi yardım göstərilməsi tələbi qoyub.
Mayın 12-də Mixail Saakaşvili Tbilisidəki “Vivamedi” Tibb Mərkəzinə köçürülüb.