AXCP sədri Əli Kərimli Ukraynanın Xəzər dənizindən raket atəşinə tutulmasının bölgə ölkələrinə böyük təhlükə yaratdığını düşünür.
2014-cü ildə Ukraynanın Krım yarımadasını, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edən Rusiya 2022-ci il fevralın 24-dən bu ölkədə total hərbi əməliyyatlar aparır, şərq və cənub bölgələrinin böyük bir hissəsini ələ keçirib.
Ukraynanın hərbi və mülki obyektləri Rusiya Hərbi Dəniz Donanmasının Xəzərdəki gəmilərindən də vurulur. Novator.az-ın məlumatına görə, Əli Kərimli yazır ki, Xəzərdən vaxtaşırı atılan raketlər dənizin ekologiyasına ciddi zərər vurur, onu zəhərli maddələrlə çirkləndirir: “Ancaq əsas təhlükə bu deyil. Əsas təhlükə Rusiyanın Ukrayna şəhərlərinə Xəzərdən atəş açmaqla dənizi müharibə zonasına çevirməsidir. Hələlik Ukraynanın Xəzər dənizindən ona raket atan Rusiya gəmilərini vurmağa silahı yoxdur. Ancaq hələlik. Kim deyə bilər ki, beş-altı aydan sonra da Ukraynanın belə silahı olmayacaq?
Təsəvvür edək ki, savaş uzandı və Ukrayna Rusiyanın Xəzər dənizindən ona raket atan gəmilərini vurma vasitələri əldə etdi. O zaman Xəzərdə hansı hərbi və ekoloji fəlakət yaşanar? Onda Xəzəryanı dövlətlərin Ukraynaya “Xəzəri vurmayın, Xəzərə raket atmayın” deməyə haqqı çatacaqmı?
Xəzərin müharibə zonasına çevrilməsinin qarşısı indidən alınmalıdır. Bölgə dövlətləri dənizin döyüş meydanına çevrilməsinə qəti etiraz etməlidir. Bunu edə bilmirlərsə və Rusiya Xəzərdən hərbi məqsədlər üçün istifadə edib bizlərə də təhlükə yaradırsa, o zaman Xəzər Azərbaycanın hərbi müttəfiqi Türkiyənin də üzünə qapanmamalıdır.
2021-ci ilin payızında Azərbaycanla Türkiyə Xəzər dənizinin Azərbaycan sularında birgə hərbi təlimlər keçirdi. İran bu təlimlərə sərt etiraz etdi. Rusiya da təlimlərdən çox narahat olmuşdu. Sadəcə Türkiyə ilə xüsusi münasibətlərinə görə bu narahatlığı İran qədər aqressiv ifadə etmədi. Əvəzində Xəzəryanı dövlətləri məcbur etdi dəfələrlə bəyanat versinlər ki, Xəzər guya hərbsizləşdirilir və Xəzəryanı dövlətlərdən başqa heç bir ölkənin (söhbət hələlik Azərbaycanın rəsmi hərbi müttəfiqi Türkiyədən gedirdi) Xəzərdə silahlı qüvvələri ola bilməz.
Rusiyanın indiki davranışları fonunda Azərbaycan bütün vasitələrlə, o cümlədən Türkiyə ilə hərbi müttəfiqliyi gücləndirməklə istiqlalı qorumağa hazır olmalıdır”.
Xəzərin hüquqi statusunu Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran birgə müəyyən edir.