Prezident İlham Əliyevin 28 iyul 2022-ci il fərmanı ilə Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bazasında Elm və Təhsil Nazirliyi yaradılıb.
Akademiyanın 37 qurumu Elm və Təhsil Nazirliyinin, 3 qurumu Mədəniyyət Nazirliyinin tabeliyinə verilib, bəzi qurumlar, o cümlədən Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Folklor İnstitutu, Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Fəlsəfə və Sosiologiya İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu onun strukturunda saxlanıb.
AMEA-ya üç ay müddətində yeni nizamnamə hazırlamaq tapşırılıb.
Novator.az bildirir ki, əsası 1945-ci ildə qoyulan AMEA-nın ali idarəetmə orqanı ümumi yığıncaqdır. Həqiqi üzvlərdən ibarət ümumi yığıncağın AMEA prezidentini seçmək hüququ var. Gizli səsvermədə 5 il müddətinə seçilən AMEA prezidenti Azərbaycan prezidentinin sərəncamı ilə təsdiqlənir.
2019-cu il oktyabrın 23-dən AMEA prezidenti olan Ramiz Mehdiyev 2022-ci il fevralın 14-də istefa verib. Fevralın 19-da ümumi yığıncaq Ramiz Mehdiyevin istefasını qəbul edib, prezident səlahiyyətləri birinci vitse-prezident vəzifəsinin icraçısı Arif Həşimova keçib.
AMEA-nın prezidenti postunu Ramiz Mehdiyevə qədər bu şəxslər tutub: Mir Əsədulla Mirqasımov, Musa Əliyev, Yusif Məmmədəliyev, Zahid Xəlilov, Rüstəm İsmayılov, Həsən Abdullayev, Eldar Salayev, Fəraməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə.
Elm və Təhsil Nazirliyinə gəlincə, 1918-ci ildə Xalq Maarifi Nazirliyi qurulub, 1920-ci ildə Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib. 1959-cu ildən Azərbaycanda təhsillə bağlı iki nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib. 1988-ci ildə Xalq Təhsili Nazirliyi yaradılıb. 1993-cü ildə qurum Ali Təhsil və Maarif nazirliklərinə bölünüb, həmin il Təhsil Nazirliyi yaradılıb.
2020-ci il iyulun 27-dən Emin Əmrullayev təhsil naziridir. 1982-ci il təvəllüdlü Emin Əmrullayev 2013-2014-cü illərdə Təhsil Nazirliyində keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.