Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasına start verilib.
İndiki qanun 1992-ci il iyunun 3-də qəbul edilib. Hazırda 58 partiya dövlət qeydiyyatındadır.
İyulun 28-də Novator.az-a açıqlama göndərən Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov bildirir ki, qurumun Siyasi Komitəsi ötən ilin oktyabrında partiya qanunvericiliyi üzrə təkliflər hazırlayaraq yayıb:
– “Siyasi partiyalar haqqında” yeni qanun konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azı Seçki Məcəlləsinə uyğun dəyişikliklər edilməlidir;
– Qüvvədə olan qanunla müqayisədə yeni qanunda məhdudiyyətlər azaldılmalıdır. Uyğunluq tələbi siyasi partiya kimi fəaliyyət göstərmək istəyən tərəflərdən daha az əmək tələb etməli, ya da daha çox əmək tələb etməməlidir;
– Dövlət qeydiyyatından keçməmiş siyasi partiya adından ictimai çıxış və fəaliyyət, onun fəaliyyətində və ya fəaliyyətinin təşkilində iştirak tənzimlənməməlidir;
– Dövlət qeydiyyatı üçün tələb olunan partiya üzvlərinin minimal sayının indiki 1000 nəfərdən 5000 nəfərə artırılması ideyası siyasi sistemin yeniliyə açıq saxlanması marağına ziddir;
– Partiya üzvlərinin sayının qeydiyyat üçün tələb olunan həddən aşağı düşməsi yeni qanunda partiyanın qeydiyyatının ləğvi üçün əsas kimi göstərilərsə, ən son seçkidə iştirak etmiş partiya namizədlərinin, o cümlədən parlamentdə, ya da bələdiyyədə yer alandan sonra partiyaya üzv olmuş təmsilçilərin qazandığı səslərin ümumi sayı qeydiyyat üçün tələb olunan imza sayından çox olduqda həmin qayda partiyaya tətbiq edilməməlidir;
– Partiyanın rəsmi qeydiyyatı üçün 1000, ya da daha çox imza tələbi yerində qalacaqsa, dövlət qeydiyyatına alınmış partiyanın namizədləri bələdiyyə və parlament seçkilərində qeydiyyatdan keçmək üçün imza toplamaq vəzifəsindən azad olunmalıdır;
– Dövlət qeydiyyatında olan partiyanın namizədi 60 seçki dairəsinin ərazisində 60 bələdiyyə şurasının dəstəyini qazandıqda prezident seçkilərində imza toplamamalıdır;
– İctimai Televiziya parlament partiyalarını həftədə 30 dəqiqə efirlə təmin etməlidir. Partiyalar özləri bu yayımı canlı, ya da öncədən hazırlanmış məzmunla təmin etməlidir;
– Siyasi partiyanın buraxılması, ona xəbərdarlıq edilməsi, fəaliyyətinin dondurulması, onun hesabatlılığı ilə bağlı müddəalar dövlət orqanlarının siyasi partiyaların fəaliyyətinə qərəzli müdaxilələrinə imkan yaratmamalı, müxalif partiyanı sıxışdırmağa, ya da siyasi meydandan çıxarmağa imkanlar açmamalıdır;
– Parlament təmsilçiliyi olan partiyalara dövlət büdcəsindən təmsilçiliyə düz mütənasib şəkildə ayrılan vəsait hakim partiyanın maliyyə resurslarını və siyasi monopoliyasını gücləndirir. Parlamentdə və bələdiyyədə qazandığı hər yer üçün müxalifət partiyasına hakim partiyadan azı iki dəfə daha artıq vəsait ayrılmalıdır;
– Hər hansı dəyişiklik hakimiyyətin siyasətinə, dövlət orqanları qərarlarının hazırlanmasına, dövlət qurumlarının və rəsmilərinin fəaliyyətinə siyasi partiyaların təsir imkanlarını indiki ilə müqayisədə azaltmamalıdır;
– Siyasi partiya ardıcıl iki dəfə parlament, ya da ardıcıl üç dəfə bələdiyyə seçkilərində namizəd irəli sürməkdən imtina etdikdə onun dövlət qeydiyyatı ləğv edilməlidir.