Müsavat Partiyasının başqanı Arif Hacılı mərhum deputat Məryəm Həsənovadan yazıb.
1938-ci ildə doğulan Məryəm Həsənova indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib, uzun illər Siyəzən rayonunda Azərbaycan dili və ədəbiyyat dərsləri deyib, bir müddət məktəb direktoru olub. 1990-1995-ci illərdə parlamentin deputatı kimi məşhurlaşıb.
Məryəm Həsənova 2018-ci il iyulun 29-da vəfat edib.
Arif Hacılı qeyd edir ki, Azərbaycan qadınının ləyaqət simvollarından olan Məryəm Həsənova müəllim kimi şagirdləri, məktəb direktoru kimi rəhbərlik etdiyi kollektiv, deputat kimi seçiciləri, istiqlal mücahidi, istiqlalçı millət vəkili kimi bütün Azərbaycan xalqı qarşısında böyük nüfuz qazanmışdı: “1991-ci ildə istiqlalımız naminə keçirilən tarixi aclıq aksiyasında iştirak edən yeganə qadın deputat idi. Rus komendaturasının, milisin basqısına, səhhətində yaranan problemlərə baxmayaraq aksiyanı sonadək davam etdirdi.
Bütün ömrü böyü həyat tərzi dəyişmədi. Deputatlığı, direktorluğu, silahdaşlarının hakimiyyətdə olduğu, ondan sonrakı dövrlərdə də imkansızlıq içində yaşadı. Əliyev rejimi onu evsiz, pensiyasız qoydu. Amma heç vaxt şikayətlənmədi, sızıldamadı.
Silahdaşlarının dəstəyini də çox vaxt qəbul etmirdi, edəndə də əsgərlərlə, daha yoxsul olanlarla bölüşürdü.
Məryəm Həsənova həm də təvazökar bir ziyalı, şair idi.
Azərbaycan xalq hərəkatında, Müsavat Partiyasının bərpası və güclənməsində misilsiz xidmətləri olan Məryəm Həsənova vətənsevərliyi, mübarizliyi, fədakarlığı ilə bir nümunədir”.
Novator.az bildirir ki, 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, oktyabrın 18-də parlamentdə dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul olunub, dekabrın 29-da həmin sənəd ümumxalq səsverməsi ilə təsdiqlənib.
Azərbaycanın müstəqilliyə gedən yolunda ilk rəsmi sənəd 23 sentyabr 1989-cu ilə təsadüf edir. Həmin gün Azərbaycan Ali Soveti respublikanın suverenliyi haqqında konstitusiya qanununa səs verib.
İkinci sənəd kimi 1991-ci il martın 7-si parlamentdə “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərarı göstərmək olar. Həmin gün 43 deputat 17 mart referendumuna qatılmağın əleyhinə çıxıb.
Onların 22-si sağdır: Arif Hacılı, Cümşüd Nuriyev, Etibar Məmmədov, Fərəc Quliyev, Firudin Cəlilov, Füzuli Axundov, Hacıbaba Əzimov, İxtiyar Şirin, İsa Qəmbər, Maşallah Abdullayev, Mətləb Mütəllimov, Mirmahmud Mirəlioğlu, Nəriman Həsənzadə, Ramiz Fətəliyev, Rəhim Qazıyev, Tahir Əliyev, Tahir Kərimli, Tamerlan Qarayev, Sabir Rüstəmxanlı, Sülhəddin Əkbər, Vahid Əhmədov, Vaqif Novruzov.
İstiqlalçı deputatlardan Allahverdi Həsənov, Aydın Məmmədov, Bayram Bayramov, Dilarə Əliyeva, Eldar Bağırov, Ədalət Rəhimov, Əyyam Musayev, Faiq Baxşəliyev, Heydər Əliyev, Hicran Kərimli, İbrahim İbrahimli, İsgəndər Həmidov, İsmayıl Şıxlı, Məmməd Xələfov, Məryəm Həsənova, Mürşüd Məmmədli, Tofiq Bağırov, Tofiq Qasımov, Şadman Hüseynov, Şahmərdan Cəfərov, Yusif Səmədoğlu dünyasını dəyişib.