AXCP sədri Əli Kərimli ictimaiyyəti repressiyalara reaksiya verməyə çağırıb. Novator.az-ın məlumatına görə, siyasətçi iyulun 28-də özünün “Facebook” səhifəsində yazır ki, Müsavat Partiyasının funksioneri Əlikram Xurşidov iyulun 26-da 30 sutkalıq inzibati həbs cəzası alıb: “Müsavatçı Əziz Məmiyevə iyulun 20-də eyni müddətə cəza verilib. Hər iki fəal Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun təşəbbüsü ilə iyulun 20-si Bakıda keçirilmiş piketdə saxlanmışdı.
Bir müddət öncə AXCP Salyan şöbəsinin sədri Zamin Salayev 30 sutka müddətində həbs edilib.
İyulun 27-də hərbi jurnalist Tofiq Şahmuradova 30 sutkalıq həbs cəzası kəsilib.
Bu cəzalar növbəti dəfə nümayiş etdirir ki, rejim inzibati həbslərdən də çox geniş şəkildə siyasi repressiya və təzyiq vasitəsi kimi yararlanır.
Daha ağır cəzalar da var. Narkotiklə şərlənən AXCP üzvü Pünhan Kərimli iyulun 27-də 6 il müddətinə azadlıqdan məhrum edilib.
Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov narkotik ittihamı ilə 3 ay müddətinə istintaq dövrü üçün həbs olunub.
İnanclı fəal Vüqar Rəsul barəsində eyni ittihamla 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Almaniyadan deportasiya edilmiş ictimai fəallar Samir Aşurov və Ziya İbrahimli haqda da cinayət işləri başlanıb, onlar tutulublar.
Çox aydın görünür ki, rejim bir tərəfdən ölkədə siyasi fəallığın yaxın gələcəkdə arta bilməsindən narahatdır, digər tərəfdən dünya ictimaiyyətinin diqqətinin Ukrayna savaşında olmasından sui-istifadə edərək maksimum çox ictimai-siyasi fəalı şərlədib həbs etdirməyə çalışır ki, cəmiyyətin qorxudan çıxma prosesini yubatsın.
Dünya ictimaiyyəti bu repressiyalara susqun qalmamalıdır. Ən əsası da xalqımız özü bu repressiyalara kəskin reaksiya verməlidir. Susqunluq özü də zorbalıqla, repressiya ilə barışmaq deməkdir. Barışmamalıyıq”.