Novator.az-ın əməkdaşı Almaniyanın Leypsiq şəhərində yaşayan jurnalist Əfqan Muxtarlı ilə söhbətləşib.
Əfqan Muxtarlı 1974-cü ildə doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, müharibə veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşüb. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Demokratik medianın təmsilçisi kimi tanınan Əfqan Muxtarlı bir müddət ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb.
O, 2017-ci il mayın 29-da tutularaq Bakıya gətirilib. Azərbaycanın rəsmi qurumları bəyan edib ki, Əfqan Muxtarlı Gürcüstandan Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Əfqan Muxtarlı dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı ilə birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.
2020-ci il martın 17-də Əfqan Muxtarlı həbsdən buraxılaraq Almaniyaya aparılıb. Həmin gün jurnalistin cəzasının qalan hissəsi cərimə ilə əvəzlənib.
2022-ci il iyulun 26-da Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəis müavini, məhbus Soso Qoqaşvili Əfqan Muxtarlının oğurlandığını etiraf edib. O, saxlandığı həbs yerindən yaydığı bəyanatda bildirib ki, Əfqan Muxtarlı hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının qurucusu Bidzina İvanişvilinin göstərişi ilə saxlanaraq Azərbaycanın hüquq mühafizə orqanlarına təhvil verilib.
İyulun 28-də Novator.az-a danışan Əfqan Muxtarlı deyib:
– 2014-2018-ci illərdə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini olmuş Soso Qoqaşvilinin mənim 2017-ci ildə oğurlandığımı etiraf etməsi Azərbaycanda mənə açılmış cinayət işinin saxta olduğunu bütün çılpaqlığı ilə bir daha sübuta yetirir. Soso Qoqaşvili həmin oğurluq əməliyyatında şəxsən iştirak edib, bu işi detallarına qədər bilir. O, Gürcüstanın təhlükəsizlik sistemində ən nüfuzlu, ən tanınmış zabitlərdən sayılıb. Belə bir açıq etirafı Azərbaycanda mənə qaldırılmış cinayət işinin saxta olduğunu göstərir. Azərbaycanın Baş Prokurorluğu Soso Qoqaşvilinin bəyanatı əsasında cinayət işinə başlamalıdır. Çünki mənim işimlə bağlı yeni hal üzə çıxıb. İstintaqda, məhkəmədə mənim üzümə durmuş, yalandan şahidlik eləmiş adamlardan başlayaraq hökm çıxaran hakimlərə qədər hər bir şəxs məsuliyyətə cəlb olunmalıdır.
Gürcüstanda da yenidən araşdırmalar getməli, oğurlanmağımda məsuliyyət daşıyanlar cəzalanmalıdır. Gürcüstanda vəkilim bununla bağlı işlərə başlayıb.
Mənim 2020-ci ildə həbsdən buraxılmağım Avropa İttifaqının, Avropa Şurasının səyləri nəticəsində mümkün olub. İndi yeni yaranmış hal onları hərəkətə keçirəcək, Gürcüstan hökumətindən tələblər olacaq. Bu iş sıfırdan başlanmalıdır. Biz buna nail olacağıq.
Azərbaycan hakimiyyəti, mənə qarşı cinayətdə birbaşa iştirak edən rəsmilər gec-tez qanun qarşısında cavab verəcək. Avropa İnsan Hüquqları Məhkəməsinə də şikayətim var, hazırda araşdırılır…
– Üçüncü ildir Almaniyada məskunlaşmısınız. Nə işlə məşğulsunuz?
– Müstəqil jurnalist kimi araşdırmalarımı davam etdirirəm, alman dilini öyrənirəm. İctimai-siyasi fəaliyyətlə məşğulam.
– Ailədə nə var, nə yox?
– Həyat yoldaşım Faktyoxla.info saytında ictimai əsaslarla redaktordur, o da alman dili kurslarına gedir. Balaca qızım orta məktəb şagirdi, böyük qızım universitet tələbəsidir.
– Azərbaycana gəlmək imkanınız, fikriniz varmı?
– Bilmirəm Azərbaycan hökuməti cəsarət edib məni ölkəyə buraxar, ya yox, amma gəlmək fikrim var.
İlkin Nizami