Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il qərarı ilə tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri yenilənib. Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin 2023-2024-cü illər ərzində dövlət büdcəsi hesabına qarşılanması nəzərdə tutulur və tariflər Nazirlər Kabinetinin müvafiq qərarı ilə eyni tarixdən qüvvəyə minəcək.
Qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər və iştirak sayından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
26 dekabr 2005-ci ildə yaradılan Tarif Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərə (tariflərə) və xidmət haqlarına məsul kollegial orqandır. İqtisadiyyat nazirinin sədrlik etdiyi şuraya maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini daxildir.