Prezident İlham Əliyev “İnvestisiya fəaliyyəti haqqında” qanunu imzalayıb. Novator.az bildirir ki, yerli və xarici investorların Azərbaycanda həyata keçirdiyi investisiya fəaliyyətinə şamil edilən qanunda dövlət tənzimlənməsinin əsas prinsipləri belə sıralanır: mülkiyyətin toxunulmazlığı; qanunçuluq; insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi; konfidensial məlumatların qorunması.
Qanuna əsasən, dövlət investisiya fəaliyyətinin təşviqi məqsədilə vergi və digər dövlət ödənişləri üzrə güzəştlərin müəyyən edilməsi; güzəştli şərtlərlə kreditlərin verilməsi; xüsusi iqtisadi zonaların, sənaye parklarının və digər rejimli zonaların yaradılması kimi tədbirlər həyata keçirir.
İnvestisiya fəaliyyəti bu formalarda həyata keçirilə bilər: hüquqi şəxslərin yaradılması və yenidən təşkili; hüquqi şəxslərdə iştirak paylarının (səhmlərin) əldə edilməsi; xarici hüquqi şəxsin Azərbaycanda filial və nümayəndəliyinin təşkili; fərdi sahibkarlıq; investisiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilənin bağlanması; əmlakın, o cümlədən əmlak hüquqlarının və pul dəyəri olan digər hüquqların əldə edilməsi; normativ hüquqi aktlarda qadağan olunmayan digər formalar.
Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları ilə investorlar arasında mübahisələr danışıqlarla, inzibati qaydada, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədən kənar digər yollarla və ya məhkəmələr vasitəsilə həll edilə bilər.
Tərəflər arasında hər hansı digər razılıq olmadığı halda, habelə Azərbaycanın Mülki Prosessual Məcəlləsində nəzərdə tutulan hüquqi müdafiə vasitələri bitdikdən sonra Azərbaycan Respublikası və xarici investor arasında investisiya fəaliyyəti ilə əlaqədar mübahisəni xarici investor beynəlxalq arbitraja təqdim edə bilər.
Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində investorlara dəyən zərərin əvəzini, o cümlədən əldən çıxmış faydanı Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarəetmə orqanı ödəyir.