İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP üzvü Pünhan Kərimova hökm oxuyub. Novator.az-ın məlumatına görə, ona 6 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
2022-ci il yanvarın 25-i Bakıda həbs edilən Pünhan Kərimov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinib. Cəbhəçi və müdafiəçiləri ittihamı saxta sayır.
Pünhan Kərimov 2018-ci il oktyabrın 8-də mühacirətə gedib, ancaq sığınacaq ala bilməyib, 2021-ci il noyabrın 24-də Almaniyadan Azərbaycana qaytarılıb.
Hazırda AXCP-nin daha 5 üzvü həbsdədir. Onların 3-ü azadlıqdan məhrumetmə cəzası çəkir.
2020-ci il aprelin 16-sı tutulub 30 sutka inzibati həbs alan, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunaraq 10 illik azadlıqdan məhrumetmə cəzası alıb.
2021-ci il noyabrın 26-da tutulan Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Mütəllim Orucov 2021-ci il oktyabrın 22-də tutulub. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada günahlandırılır.
2022-ci il mayın 28-də tutulan Razi Alışova narkotik vasitə satmaq ittihamı irəli sürülüb.