Rusiyada fəaliyyətini dayandırmış məşhur müxalif nəşrin – “Novaya qazeta”nın yeni layihəsi də problemlə üzləşib.
Novator.az saytı xəbər verir ki, “Novaya qazeta” fəaliyyətini martın 28-dən dayandırıb. Redaksiya bu qərarı Ukraynada müharibə başlanandan bəri Rusiyanın dövlət orqanlarının qəzetə basqılarının güclənməsi ilə əsaslandırıb. Redaksiyanın bəyanatında Ukraynada hərbi əməliyyatlar başa çatanadək “Novaya qazeta”nın çap olunmayacağı, qəzetin onlayn versiyasının da fəaliyyət göstərməyəcəyi vurğulanıb.
İyul ayında isə “Novaya qazeta”nın əməkdaşları “Novaya rasskaz-qazeta” adlı jurnal buraxmağa başlayıblar. Onlar açıq şəkildə bəyan ediblər ki, jurnal qəzetin redaksiya heyətinin nəşridir, yəni qəzetin yeni media layihəsidir.
İyulun 15-də jurnalın ilk sayı – çap variantı işıq üzü görüb, həmçinin onlayn versiya işə salınıb.
Ancaq bir neçə gün sonra Rusiya Baş Prokurorluğunun tələbi ilə ölkədə informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən “Roskomnadzor” federal xidməti “Novaya rasskaz-qazeta”nın saytını (Novaya.no) bloklayıb. Nəticədə Rusiya ərazisində Novaya.no saytına giriş məhdudlaşıb, eyni zamanda redaksiya saytda yenilənmələr etməyi dayandırıb.
Baş Prokurorluq təfərrüatı açıqlamadan saytı Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda günahlandırıb. Bu, Ukrayna müharibəsi əleyhinə çıxışları boğmaq üçün Rusiya hakimiyyətinin geniş şəkildə istifadə etdiyi ittihamdır.
Maraqlıdır ki, jurnalın çap versiyasına qarşı hələlik heç bir iddia irəli sürülməyib. Ona görə redaksiya heyəti oxucuları ruhdan düşməməyə çağırıb və jurnalın ikinci nömrəsinin çapına hazırlığın davam etdiyini vurğulayıb.
Rusiya 2022-ci il fevralın 24-dən Ukraynada qanlı müharibə aparır. Həmin vaxtdan “Roskomnadzor” media üzərində dövlət nəzarətini gücləndirib, yerli və xarici jurnalistlərin, redaksiyaların fəaliyyətinə çoxsaylı məhdudiyyətlər tətbiq edib. Bir sıra kütləvi informasiya vasitəsinin yayımı ya birbaşa hökumətin qərarı ilə, ya da məhdudiyyətlərin doğurduğu çətinliklər ucbatından dayanıb.
“Novaya qazeta” 1993-cü ildə təsis olunub, demokratik dəyərlərə bağlılığı, jurnalist araşdırmaları ilə tanınıb.
İndiyədək bir neçə əməkdaşı qətlə yetirilmiş qəzetə Dmitri Muratov baş redaktorluq edir.
Dmitri Muratov 2021-ci ildə Nobel sülh mükafatına layiq görülüb. Norveç Nobel Komitəsi Dmitri Muratovun Nobel mükafatına demokratiya və davamlı sülhün bünövrəsi olan ifadə azadlığı uğrunda fəaliyyətlərinə görə layiq bilib.
Mənbə: Themoscowtimes.com