İyulun 25-də Masallı, Lerik və Göygöl rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edən prezident İlham Əliyev onlarla görüşündə tapşırıqlar qoyub. Novator.az-ın məlumatına görə, müxalif Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli yazır ki, dövlət başçısının məmurlarla görüşdə səsləndirdiyi fikirlərin, tezislərin bir qismi məyusluq doğurur: “Bu yanaşma ilə heç nəyin dəyişməyəcəyinə əmin olursan. Azərbaycan hakimiyyəti hələ də “yaxşı məmur” axtarır, hələ də problemlərin şəxslərdə olduğunu düşünür, sistemin zay olduğunu qəbul etmək istəmir. Qəbul etmək istəmir ki, təyin olunmuşlar ancaq təyin edənin qarşısında məsuliyyət daşıyır deyə əhalini saymır, təyin olunmuşları seçilmişlər əvəz etməsə, bölgələrdə idarəetmə uğurlu olmayacaq.
İcra başçılarının səlahiyyət və məsuliyyət məsələsi də aydın deyil. Prezident hər çıxışında onlara xarici investorlar cəlb etmək tapşırığı verir, heç biri də deyə bilmir ki, cənab prezident, bizim elə bir səlahiyyətimiz yoxdur, elə bir mexanizm də yoxdur. Xarici investor bəyəm toya çağırılası qonaqdır? Onlar hansısa ölkəyə investisiya qoymaq istəyəndə həmin ölkəni tam öyrənir, qanunvericiliyini, gömrük və vergi siyasətini, məhkəmələrin durumunu, korrupsiyanın səviyyəsini, ölkənin imicini nəzərə alırlar – bunların hansı icra başçısından asılı problemdir ki, onları həll etsin?
Daha bir problem odur ki, icra başçısına, məsələn, 1300-1500 manat maaş verib hansısa rayona göndərirlərsə, bəri başdan, “get necə istəyirsən dolan” deyirlər, o da dolanmağın yollarını axtarır.
Çıxış yolunu çox demişik: icra başçısı institutu tam ləğv edilməli, səlahiyyəti və məsuliyyəti bəlli olan, qanunlarla çərçivələnən seçilmişlər idarəetməyə gətirilməli, seçkilərdən asılı idarəedənlər olmalıdır”.
Azərbaycanın dövlət müstəqilliyi 1991-ci ildə bərpa edilib. Həmin il oktyabrın 18-də prezident fərmanı ilə rayonlarda, şəhərlərdə, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi yaradılıb. İcra başçılarının təyinatı prezidentin səlahiyyətindədir.