İyulun 25-i axşam ABŞ-ın dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, dövlət katibi ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını dəstəklədiyini vurğulayıb, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini deyib.
Entoni Blinken ABŞ-ın Ermənistanla Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib.
Prezident Tbilisi görüşünü iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım saydığını bildirib, qeyd edib ki, Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə komissiyanın tərkibini formalaşdırıb və Ermənistandan eyni addımı gözləyir.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində anlaşma memorandumu imzalanmasının əhəmiyyətli olduğu da vurğulanıb.
İyulun 16-sı Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü keçirilib. Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı məsələlərə toxunub, öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Müharibədən sonra Rusiyanın və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqların əsas mövzusu bölgədə iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsidir. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında beş prinsip əks olunub:
– dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
– dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
– dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
– dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
– nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.