Prezident İlham Əliyevin 2021-ci il fevralın 2-də təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər”də beş milli prioritet yer alıb: dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Həmin gün Nazirlər Kabinetinə milli prioritetlərə uyğun olaraq 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf strategiyasının layihəsini doqquz ay müddətində hazırlamaq tapşırılmışdı.
2022-ci il iyulun 22-də prezident “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nı təsdiqləyib. Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Nazirlər Kabineti, icranın monitorinqini və qiymətləndirilməsini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Novator.az-ın məlumatına görə, iqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu yazır ki, strategiya ilə tanış olub, onun hədəf indikatorlarını 6 dekabr 2016-cı ildə təsdiqlənmiş “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin hədəf indikatorları ilə müqayisə edir: “Əvvəlki mövqedən geri çəkilmə aydın görünür. Məsələn, yol xəritəsində adambaşına qeyri-neft ixracatını 2025-ci ildə 450 dollara çatdırmaq hədəfi qoyulmuşdu. Yeni sənəddə qeyri-neft ixracatının 2026-cı ildə adambaşına təxminən 250 dollara çatdırılması nəzərdə tutulub.
Sənəddə son 10 ilin nailiyyətləri arasında 5 fundamental nəticə qeyd olunub: qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah. Qeyd olunur ki, tarixdə cəmi 30 ildə belə uğur hekayəsi yaza bilən az ölkə tapmaq mümkündür.
Hansı yüksələn rifahdan, beynəlxalq nüfuzdan və təhsilli cəmiyyətdən danışılır? İllərdir müharibə veteranlarının 80 manatlıq təqaüdü artırılmır, beynəlxalq səviyyəli mütəşəkkil cinayətkarlıq, korrupsiya və çirkli pulların yuyulması hesabatlarında Azərbaycan öndə gəlir, təhsil məktəbdə deyil, evlərdə verilir, təhsilli şəxslərin çoxu iş tapa bilmir, amma rejim rəsmi sənədlərdə yalançı uğur hekayələri yazmaqla xalqı ələ salır”.