İyulun 22-də vəkil Osman Kazımov Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində (Bakının Binəqədi rayonunda yerləşir) saxlanan müsavatçı Əziz Məmiyevə baş çəkib. Ziyarətdə Əziz Məmiyevin atası da iştirak edib.
Müsavat Partiyasından Novator.az-a verilən məlumata görə, vəkil Əziz Məmiyevin sağ ayağında xəsarət izləri olduğunu bildirir: “Polis əməkdaşları Əziz Məmiyevi Bakıdakı 20 iyul aksiyasında ifrat güc tətbiq etməklə saxlayıb, onu fiziki zorakılığa məruz qoyub”.
Bir qrup fəal iyulun 20-si Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti quru sərhədlərin açılması tələbi qoyulan aksiyaya razılıq vermədiyi üçün polis əməkdaşları toplaşanları dağıdıb. Aksiyada saxlananlar həmin gün sərbəst buraxılsa da, Əziz Məmiyevə Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Salyan rayon sakini, Bakıda yaşayan 1993-cü il təvəllüdlü Əziz Məmiyev polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara müqavimət göstərib.
Müdafiəçiləri ittihamı rədd edir. Vəkil Osman Kazımov bildirir ki, inzibati həbs qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət veriləcək.