Çin BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçeletin onsuz da gecikmiş hesabatının ümumiyyətlə işıq üzü görməməsinə çalışır. Novator.az bildirir ki, xəbəri “Reuters” agentliyi yayıb.
Mişel Baçelet bu ilin may ayında Çinə səfər edib. Məqsəd Çinin Sincan Uyğur Muxtar Rayonunda insan hüquqlarının vəziyyətinə dair hesabat hazırlamaq olub.
Mişel Baçeletin səfəri Pekin rejiminin ciddi nəzarəti altında gerçəkləşib. Komissar Çində baş verən qanunsuz hallar barədə kəskin fikir söyləmədiyi üçün hüquq müdafiəçiləri dairəsində, o cümlədən BMT-nin İnsan Hüquqları Şurasında sərt tənqidlərlə üzləşib.
Mişel Baçeletin Çinin Sincan Uyğur Muxtar Rayonundakı vəziyytə dair hesabatı gecikdirməsi tənqidlərin daha da artmasına səbəb olub. Nəticədə Baçelet növbəti müddətə insan haqları üzrə ali komissar vəzifəsinə seçkiyə qatılmayacağını, namizədliyini irəli sürməyəcəyini elan edib. Sincanla bağlı hesabatı isə o, avqust ayının sonuna, yəni istefaya gedənə qədər dərc edəcəyini bildirib.
“Reuters” agentliyi xəbər verir ki, Çin hakimiyyəti hesabatın dərc olunmaması üçün iyun ayından aktiv iş aparır. Adının çəkilməsini istəməyən üç diplomat “Reuters”ə deyib ki, Çin hökuməti məqsədinə nail olmaq üçün rəsmi müraciət də hazırlayıb. Həmin müraciətin mətni ayrı-ayrı ölkələrin Cenevrədəki diplomatik nümayəndəliklərinə paylanır (BMT-nin İnsan Hüquqları Şurasının mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir) və həmin ölkələrdən müraciəti imzalamaq xahiş edilir.
“Reuters”in məlumatına görə, müraciətdə deyilir ki, Mişel Baçeletin Çinin Sincan bölgəsi üzrə hesabat dərc etməsi insan hüquqları sahəsində siyasiləşməni, bloklararası qarşıdurmanı gücləndirə, BMT-nin insan haqları üzrə ali komissarının ofisinə etimadı sarsıda, habelə ofisin Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlığına xələl gətirə bilər. Ona görə müraciətdə açıq mətnlə bildirilir: “Biz israrla xanım Baçeleti belə bir hesabatı dərc etməməyə çağırırıq”.
Çinin Cenevrədəki diplomatik missiyasının sözçüsü Liu Yuin “Reuters”in müraciətlə bağlı suallarını cavablandırmayıb. O sadəcə deyib ki, yüzə yaxın ölkə Sincan məsələsində Pekini dəstəkləyir və insan haqları bəhanəsi ilə Çinin daxili işlərinə müdaxilə olunmasına etiraz edir. Liu Yuin qeyd edib ki, həmin ölkələr bu mövqeni BMT-nin İnsan Hüquqları Şurasının iyulun 8-də keçirilən son sessiyasında açıqlanan bəyanatlarda və birgə müraciətdə ifadə ediblər.
“Reuters” agentliyi öz suallarına insan haqları üzrə ali komissarın ofisindən də cavab ala bilməyib. Ofis Çinin təşkil etdiyi müraciətin Mişel Baçeletə çatıb-çatmadığına aydınlıq gətirməyib.
Agentlik müraciəti neçə ölkənin imzaladığını da dəqiqləşdirə bilməyib.
Sincan Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası nümayəndələrinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.
Neçə ildir dünyanın nüfuzlu hüquq müdafiəsi təşkilatları Pekin rejimini Sincanda müsəlman uyğurların hüquqlarını nümayişkaranə şəkildə pozmaqda, sərt repressiyalar aparmaqda ittiham edir. Hakimiyyət orqanlarının uyğurları işgəncələrə, digər qəddar, qeyri-insani rəftara, cinsi zorakılığa məruz qoyduğu, məcburi əməyə cəlb etdiyi, uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə maneələr törədildiyi, uşaqların valideynlərdən zorla ayrıldığı bildirilir.
Mənbə: Reuters.com