Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu təşəbbüsçüsü olduğu 20 iyul aksiyasından yazıb.
Bir qrup fəal iyulun 20-si Bakıda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti quru sərhədlərin açılması tələbi ilə təşkil olunan aksiyanın təşəbbüsçüsü Tofiq Yaqublunun piket istəyinə mənfi cavab verdiyi üçün polis əməkdaşları aksiyanı dağıdıb, bəzi şəxsləri (o cümlədən Tofiq Yaqublunu) tutub, onlardan birinə – Müsavat Partiyasının üzvü Əziz Məmiyevə 30 sutka inzibati həbs cəzası verilib.
2020-ci ilin yazından Azərbaycanda yeni koronavirus infeksiyasına görə xüsusi karantin rejimi tətbiq olunur. Nazirlər Kabineti ölkəyə giriş-çıxışa məhdudiyyətə – quru sərhədlərin vətəndaşlar üçün qapalı olmasına qərar verib, sonuncu dəfə qadağanın müddətini 2022-ci il sentyabrın 1-dək uzadıb.
Müxalif siyasətçilər, müstəqil ekspertlər hesab edir ki, quru sərhədlərin bağlı qalması əhalinin dolanışığına, səfər imkanlarına mənfi təsir göstərir.
Novator.az-ın məlumatına görə, Tofiq Yaqublu yazır ki, 20 iyul aksiyasının müsbət nəticələri var: “Bir nəfərin təşkil etdiyi, spesifik bir problemə həsr olunmuş, razılaşdırılmamış piketə insanların kütləvi şəkildə gələcəyini düşünmürdüm. Amma piketin təbliğatı zamanı insanların etiraz aksiyalarının vacibliyini qəbul etdikləri göründü. Aksiya cəmiyyətin narazı kəsimində bir ovqat və məsuliyyət silkələnməsi yaratdı və bunun növbəti aksiyalara müsbət təsiri olacaq.
Son vaxtlar polis bir-iki aksiyanın qarşısını almamışdı və iştirakçılarla nisbətən mülayim davranmışdı deyə bir çoxu bunu ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunması kimi təqdim edirdi. 20 iyul aksiyasından sonra İlham Əliyev dözümlü yanaşdığı bir-iki aksiyanı göstərib ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunduğunu deyə bilməyəcək”.
AXCP sədri Əli Kərimli yazır ki, 20 iyul aksiyasına qatılanlar bir milyon nəfərdən çox vətəndaşın həyatına, məişətinə, sosial durumuna əlavə çətinlik gətirən qapalı sərhəd probleminə ictimai diqqət cəlb edib: “Piket iştirakçıları həm də rejimin riyakarlığını və polis zorakılığını ifşa etdilər. Hakimiyyət son bir neçə ayda kosmetik dəyişikliklərlə beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdı ki, guya dəyişir, polis zorakılığından imtina edir, kütləvi aksiyalara tolerant yanaşır. Ancaq 20 iyul piketi rejimin yalanlarını ifşa etdi. Hakimiyyətin maskasını düşürdü. Məlum oldu ki, qətiyyən dəyişməyiblər. Piket iştirakçıları polis zorakılığına məruz qaldı. 37 nəfər aksiya iştirakçısı tutuldu. Müsavatçı Əziz Məmiyev şərlənərək 30 sutka müddətinə inzibati qaydada həbs olundu. Məlum oldu ki, Əliyev hakimiyyəti hətta bir piketdən də qorxacaq qədər zəifdir”.
Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət