Azərbaycanın Peşəkar Futbol Liqası 2022-2023 mövsümünün əsasnaməsini təsdiqləyib. Novator.az bildirir ki, yüksək dəstədə (premyer liqa) 10 komanda yer alır: “Qarabağ” (Ağdam), “Neftçi” (Bakı), “Zirə” (Bakı), “Qəbələ”, Sabah” (Bakı), “Sumqayıt”, “Şamaxı”, “Səbail” (Bakı), “Kəpəz” (Gəncə), “Turan Tovuz”.
Dörd dövrəlik çempionatda 1-ci pilləni tutan komanda UEFA Çempionlar Liqasına, 2-ci və 3-cü yerin sahibi Konfrans Liqasına vəsiqə qazanır.
Konfrans Liqasına daha bir vəsiqə Azərbaycan kubokunun sahibinə düşür. 1, 2 və 3-cü yeri tutan komandalardan biri eyni zamanda kuboku əldə edərsə, Konfrans Liqasına 4-cü yerin sahibi yollanır.
Sonuncu pilləni tutan komanda yüksək dəstəni tərk edir.
Oyun zamanı limit belədir: 7 legioner + 4 Azərbaycan vətəndaşı.
Aşağı dəstə (I divizion) 16 komandanın iştirakı ilə iki dövrədə keçirilir, 6+5 limiti (6 nəfər yaş həddi olmadan (2-si legioner ola bilər), 5 nəfər 2002-ci il təvəllüdlü və daha gənc yerli futbolçu) tətbiq edilir.
Azərbaycan kuboku uğrunda premyer liqa və I divizion təmsilçiləri mübarizə aparır. Yüksək dəstə klublarının ikinci komandaları siyahıya daxil deyil.
1/4 finala qədər qalib bir oyunda müəyyənləşir, həmin raunddan ev-səfər qarşılaşmaları keçirilir. Limit belədir: 7 legioner + 4 Azərbaycan vətəndaşı.
Premyer liqada iki və daha artıq komandanın topladığı xallar bərabər olarsa, qalib bu göstəricilər əsasında müəyyən edilir: komandaların öz aralarında keçirdikləri oyunların nəticələri; komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır); mövsüm ərzində ən çox qələbə qazanmış komanda; bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqi; bütün görüşlərdə vurulmuş topların sayı; ən az qayda pozuntuları (sarı və qırmızı vərəqələr).
Bütün göstəricilər eyni olsa, püşk atılır.
1992-ci ildən başlayaraq Azərbaycan milli çempionatında 8 komanda qızıl medallara sahib çıxıb: “Neftçi” və “Qarabağ” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə çempion olub.
1992-ci ildən başlayaraq “Qarabağ” 7, “Neftçi” 6, “Kəpəz” 4, “Bakı” və “Xəzər Lənkəran” 3, “Keşlə” (Bakı, indiki “Şamaxı”) 2, “İnşaatçı” (Bakı), “Şəfa” (Bakı) və “Qəbələ” 1 dəfə Azərbaycan kubokunu qazanıb.