AZƏRTAC-ın 19 iyul məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 121,74 dollara satılır.
2022-ci ilin yenilənən dövlət büdcəsində bir barrel neftin qiyməti 85 dollardır. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40 dollarla başlayıb.
Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda 16,5 milyon ton neft hasil edilib. Gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel göstərilib.
Neft ixracatçılarının beynəlxalq koalisiyası iyul üçün gündəlik hasilat normasını 706 min barrel, avqust üçün 717 min barrel müəyyən edib.
Yarım ildə Azərbaycandan 9 milyard 361,2 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını belə sıralayıb: İtaliya, İsrail, Hindistan, Böyük Britaniya, Portuqaliya, İspaniya, Tunis, Çexiya, Ukrayna, Almaniya, İsveçrə, Tailand, Xorvatiya, İrlandiya, Türkiyə, Vyetnam, Tayvan, İndoneziya, Rumıniya, Avstriya, Avstraliya, Belarus, Rusiya, Gürcüstan.