Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanuna ABŞ-ın müttəfiqləri də əməl etməyə çalışır. Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, söhbət xüsusən Kanadadan və Avropa İttifaqı ölkələrindən gedir.
Çinin Sincan Uyğur Muxtar Rayonunda insanların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanunu ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) 2021-ci ilin dekabr ayının 14-də, yuxarı palatası (Senat) dekabrın 16-da qəbul edib. Prezident Cozef Baydenin dekabrın 23-də imzaladığı qanun 2022-ci ilin iyun ayının 21-də qüvvəyə minib.
Uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsullara qadağa qoyan qanunun tələbinə görə, Amerika şirkətləri xaricdən aldıqları malların qul əməyi ilə hazırlanmadığına dair sübut təqdim etməlidir. Qanun Amerika şirkətlərinin nəinki tam, qismən məcburi əməkdən istifadə olunmaqla hazırlanmış məhsullar almasını da yasaqlayır.
Belə bir qanunun qəbulu insan haqları sahəsində ciddi uğurlardan sayılır.
Prezident Bayden imzaladıqdan sonra ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA) əsasında yaradlımış Məcburi Əməyə Qarşı İşçi Qrup qanunun tətbiqi istiqamətində bir sıra tədbirlər görüb, o cümlədən ABŞ hökumətinin ticarət və kəşfiyyat sahələrinə cavabdeh şəxslərlə məsləhətləşmələr apararaq qanunu 1930-cu ilin tariflər haqqında qanununun 307-ci bəndinə uyğunlaşdırmaq üçün strategiya hazırlayıb. 307-ci bənd məcburi əməklə istehsal olunan malların ABŞ-a daxil olmasını qadağan edir.
Hesab edilir ki, uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilmiş malların ABŞ-a ixracına yasaq qoyulması uyğurları əsir düşərgələrində qul kimi işlədən və ixrac etdiyi mallarla bağlı standartların sərtləşdirilməsindən çəkinən Çinin iqtisadiyyatına ciddi ziyan vuracaq.
ABŞ-ın “Wall Street Journal” qəzetinin yazdığına görə, artıq yeni qanun Sincan Uyğur Muxtar Rayonunun əsas iqtisadi sahələrindən birinə – pambıqçılığa nəzərəçarpacaq dərəcədə təsir göstərməkdədir. Bu isə dünyada ən böyük tekstil sənayesinə malik Çin üçün ciddi zərbədir.
“Reuters” agentliyinin xəbərinə görə, ABŞ-ın əmək nazirinin beynəlxalq əlaqələr üzrə müavini Si Li uyğurları müdafiə qanununu başqa ölkələrdəki, xüsusilə Kanada və Avropa İttifaqı dövlətlərindəki həmkarları ilə müzakirə etdiyini açıqlayıb. Nazir müavini həmin ölkələrin də Çində uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsullara qadağa qoymaq istədiyini, müzakirələr zamanı bunun yollarının götür-qoy edildiyini deyib.
ABŞ-Meksika-Kanada Müqaviləsinin və bu müqaviləyə söykənən Məcburi Əməyə Qarşı İşçi Qrupun mövcudluğunu, uyğurları müdafiə qanununun tətbiqi üçün həmin qrup çərçivəsində bir sıra tədbirlər görüldüyünü xatırladan nazir müavini bildirib ki, hazırda Meksika və Kanada ABŞ-ın qəbul etdiyi qanundan irəli gələn yasaqları bir növ “Şimali Amerika standartları”, üçtərəfli müqavilənin öhdəliyi kimi tanımaq ərəfəsindədir.
Avropa İttifaqının da eyni istiqamətə meylləndiyini söyləyən Si Li bu baxımdan Çinlə ticarət aparan şirkətlərə xəbərdarlıq etməyi də unutmayıb. O bildirib ki, şirkətlər məsələyə ciddi yanaşmalı, uyğurların qul kimi işlədilməsi yolu ilə istehsal edilən məhsulları almaqdan imtina etməlidirlər, əks halda əhatə dairəsi dünya boyu genişlənməkdə olan qanunun nəzərdə tutduğu sərt cəzalar onları yaxalaya bilər.
Uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun iyun ayında qüvvəyə minəndə ABŞ-ın dövlət katibi Entoni Blinken demişdi ki, Vaşinqton öz müttəfiqlərini bu qanun ətrafında da sıx birləşdirəcək.
Mənbə: Reuters.com