2022-2023 mövsümündə UEFA-nın klub turnirlərinə 233 komanda buraxılıb. Novator.az bildirir ki, Çempionlar Liqasında iki, Konfrans Liqasında bir mərhələ oynanıb, 30 komanda mübarizəni dayandırıb. İndi Çempionlar Liqasında 60, Konfrans Liqasında 122 komanda yer alır, 21 komanda Avropa Liqasında starta hazırlaşır.
Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci mərhələni aşıb, ikinci mərhələdə İsveçrənin “Sürix” komandası ilə üz-üzə gələcək.
Üçüncü mərhələnin mümkün rəqibləri içində “Apollon” (Kipr), dördüncü mərhələnin mümkün rəqibləri içində “Kopenhagen” (Danimarka) var.
Konfrans Liqasına Azərbaycan “Neftçi”, “Zirə” və “Qəbələ” komandaları ilə ikinci mərhələdə qoşulur. “Neftçi”yə Kiprdən “Aris”, “Zirə”yə İsraildən “Makkabi” (Tel-Əviv), “Qəbələ”yə Macarıstandan “Fehervar” rəqib olub.
Üçüncü mərhələnin potensial rəqibləri siyahısında “Zarya” (Ukrayna), “Anderlext” (Belçika), “Volfsberq” (Avstriya), “Jil Visente” (Portuqaliya), “Tvente” (Niderland), dördüncü mərhələnin mümkün rəqibləri siyahısında “Fiorentina” (İtaliya), “Vilyarreal” (İspaniya), “Vest Hem” (İngiltərə) komandaları var.
Çempionlar Liqasının ikinci, üçüncü, dördüncü mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Avropa Liqasına, Avropa Liqasının birinci və ikinci mərhələlərində ələnən, qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasına adlayacaq.
Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 29-cu pillədə qərar tutur. Reytinq klub turnirlərində son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində və sonrakı mərhələlərdə qələbə 2 xal, heç-heçə 1 xaldır. Qrup raundundan başlayaraq minimum 1, maksimum 5 bonus xalı da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.