İyulun 14-də İtaliyanın baş naziri Mario Draqi istefa verib. Novator.az-ın məlumatına görə, o, qərarını hökumətin bəzi siyasi qüvvələrin dəstəyini itirməsi ilə bağlayıb. Prezidentin istefanı qəbul etmədiyi bildirilir.
1947-ci il təvəllüdlü Mario Draqi iqtisadçı professordur. 2011-2019-cu illərdə Avropa Mərkəzi Bankının rəhbəri olub. Partiyasızdır. Onun başçılıq etdiyi, partiyalı və müstəqil şəxslərin yer aldığı milli birlik hökuməti 2021-ci il fevralın 13-də qurulub.
Parlament respublikası olan İtaliyada əsas siyasi fiqur baş nazirdir. Hökumət parlamentin aşağı palatasına (Deputatlar Palatası) və yuxarı palatasına (Senat) seçkilərin nəticələri əsasında formalaşır.
Dövlət başçısı olan prezidenti parlament palataları üzvləri və bölgə təmsilçilərini birləşdirən kollegiya seçir. 2015-ci ildən prezident postunu Serco Mattarella tutur.
2018-ci il martın 4-də Deputatlar Palatasına və Senata seçkidə Şimal Liqası ilə “5 ulduz” hərəkatı qalib gəlib. Həmin il iyunun 1-dən bu qurumların ortaq namizədi Cüzeppe Konte baş nazir olub.
2019-cu ilin avqust ayında Şimal Liqası koalisiyadan çıxıb, hökumət istefaya gedib. Sentyabrın 5-də Cüzeppe Konte yenidən hökumət qurub. “5 ulduz” hərəkatının, Demokrat Partiyasının, Azad və Bərabərlər Partiyasının təmsilçilərindən ibarət hökumətə daha sonra Yaşayan İtaliya Partiyası da qoşulub. 2021-ci il yanvarın 14-də Yaşayan İtaliya Partiyası koalisiyadan çıxıb, hökumət parlamentdə çoxluğu itirdiyi üçün Cüzeppe Konte yanvarın 26-da istefa verib, bundan sonra Mario Draqinin hökumət qurması məsləhət olub.