Siyasətçilər KİM TV internet kanalının rəhbəri Abid Qafarovun həbsinə münasibət bildirib.
Yasamal Rayon Məhkəməsi iyulun 13-də Abid Qafarovu bir qrup qaziyə böhtan atmaq və onları təhqir etməkdə təqsirli bilərək 1 il müddətinə azadlıqdan məhrum edib.
İkinci Qarabağ müharibəsi qazilərinin xüsusi ittiham qaydasında şikayətlərində Abid Qafarovun KİM TV-də müharibə veteranlarını öz hüquqları uğrunda mübarizə aparmamaqda, çarəsizlikdən ağızlarını tikməkdə, özlərini yandırmaqda, itaətkarcasına davranmaqda qınadığı əsas gətirilib.
1981-ci il təvəllüdlü Abid Qafarov “Tərtər işi” olaylarının ictimai təhqiqatında fəallığı ilə tanınıb.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, Abid Qafarov tək “Tərtər işi”ni araşdırmırdı, həm də həqiqətləri dilə gətirməkdən qorxmayan azsaylı ictimai fəallardan biridir: “Onun həbsi ölkədə tənqidi səsləri susdurma siyasətinin davamıdır. Hazırkı gərginlik şəraitində Abid bəyi şərləyərək absurd iddialarla həbs edən rejim həm də onun mesajını verir ki, öz sonu gəlib çıxana qədər repressiya siyasətindən əl çəkməyəcək.
Bəli, həyat növbəti dəfə sübut edir ki, ayrı-ayrı ictimai-siyasi şəxslər avtoritar rejim qarşısında gücsüzdür. Ona görə də ölkənin qurtuluşu məsuliyyətini ayrı-ayrı şəxslərin, hətta partiyaların üzərinə yükləmək özünü aldatmaqdan başqa bir şey deyil. Bu ölkədə rejimi durduracaq, hətta dəyişdirə biləcək bir güc var – xalq!”
Xalq Partiyasının sədri Pənah Hüseyn qeyd edir ki, Abid Qafarova kəsilən cəza qazilər barədə ifadələrə görə deyil, siyasi hesablaşma aktıdır: “Bunu pisləyirəm. İrəlidə apellyasiya mərhələsi var. İstədiyimiz odur ki, Yasamal məhkəməsinin yanlışlığı apellyasiya mərhələsində aradan qaldırılsın, tərəflər arasında barışıq yaransın, Abid Qafarov azadlığa çıxsın. Azərbaycana yeni siyasi məhbus yox, siyasi məhbus məsələsinin sıfırlanması lazımdır”.
2017-ci ildə Tərtər rayonu istiqamətində bir qrup hərbi qulluqçunun və mülki şəxsin hərbi sirr təşkil edən məlumatları xarici düşmənə ötürdüyü, toplanmış materiallar əsasında Hərbi Prokurorluqda cinayət işi başlandığı bəyan edilib. “Tərtər işi” adı alan bu iş üzrə yüzlərlə hərbi qulluqçu ermənilərlə məxfi əməkdaşlıqda şübhəli bilinməklə fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb, bir çox şəxs xəsarətlər nəticəsində həlak olub.