İqtisadçı, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu müdafiə və milli təhlükəsizlik xərclərində şəffaflığa çağırır. Novator.az-ın məlumatına görə, o yazır ki, 2022-ci ilin yenilənən dövlət büdcəsində 5 milyard 84,7 milyon manat müdafiə və milli təhlükəsizlik xərci müəyyən edilib: “Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 13,2 faiz çoxdur. Müdafiə və milli təhlükəsizlik xərcləri 2019-cu ilin göstəricisi ilə müqayisədə 1,6 dəfə artıb. Bu qədər artımın müqabilində hərbiçilərin təminatında və onların zəruri vasitələrlə təchizatında da eyni səviyyədə yaxşılaşma müşahidə olunurmu?
2008-ci ildən bəri dövlət büdcəsindən müdafiə və təhlükəsizlik xərcləri adı ilə 35,4 milyard manat vəsait ayrılıb. Müdafiə Nazirliyində son həbslər göstərir ki, heç də bütün vəsaitlər son təyinatı üzrə xərclənmir, hər il yüz milyonlarla dövlət vəsaiti mənimsənir. Bu sistemdə korrupsiya hallarının artmasının ən başlıca səbəbi müdafiə və təhlükəsizlik büdcəsinin qeyri-şəffaf və hesabatsız xərclənməsidir. ADR Partiyası Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müdafiə büdcəsi ilə bağlı qapalı dinləmələr təşkil etməyi, 2022-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərclərinin sirr təşkil etməyən xərclərinin inzibati, iqtisadi və funksional təsnifatının hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim edilməsini, Hesablama Palatasının müdafiə və milli təhlükəsizlik xərclərinin auditini aparıb rəy hazırlamasını, müdafiə qüvvələrinin təchizatı ilə bağlı dövlət sifarişləri üzrə tenderlərin açıq və rəqabətli keçirilməsini təklif edir”.