Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov ərzaq bahalığını cilovlamaq təklifləri verib. Novator.az-ın məlumatına görə, siyasətçi ərzaq istehsalına, satışına və idxalına əlavə dəyər vergisini 18 faizdən 2 faizə endirməyi vacib sayır, qeyd edir ki, bu, şəbəkə marketlərində ərzağın qiymətinin 16-20 faiz düşməsinə, ərzaq ticarəti ilə məşğul olan digər sahələrdə də ucuzlaşmaya gətirə bilər: “Əlavə dəyər vergisi özü-özlüyündə zərərli, reqressiv vergidir, yəni qazancı daha az olan adamlara daha ağır gəlir, Azərbaycan kimi ölkələrdə isə həm də mürəkkəb istehsal sahələrinin yaranmasının qarşısını alır. 2022-ci ilin dövlət büdcəsində əlavə dəyər vergisindən 5,7 milyard manat gəlir nəzərdə tutulur. Hesablamalar bunun 4 milyard manatının qeyri-ərzaq mallarının payına düşdüyünü göstərir. Deməli, qalır 1,7 milyard manat, yəni 1 milyard dollar. Dövlətin nəyinə gərəkdir ərzaqdan yığacağı 1 milyard dollar? Sosial yardım proqramları çərçivəsində ərzaq almağa daha çox pul xərclənir. Həm də neftin qiymətinin artması nəticəsində ölkə bir neçə milyard dollar əlavə gəlir əldə edib. Bu əlavə vəsait ərzaq böhranı şəraitində əhalinin təminatını qorumalıdır.
Təklifimiz dövlət gəlirlərinin, ya da ümumi daxili məhsulun azalmasına səbəb olmaz. Kimin imkanı varsa, ya vəsaitini başqa mallara xərcləyib 18 faiz əlavə dəyər vergisini ödəyəcək, ya da qənaət etdiyi vəsaiti banka qoyacaq, başqa harasa yatıracaq. Beləliklə, əlavə dəyər vergisinin reqressiv mahiyyətinin təsirini də azaltmaq mümkün olacaq”.