AXCP-nin Salyan rayon şöbəsinin sədri Zamin Salayev iyulun 7-də 30 sutkalıq inzibati həbs cəzası alıb. Qərarı Salyan Rayon Məhkəməsi polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə çıxarıb.
Rəsmi açıqlamaya görə, Zamin Salayevin oğlu Oqtay Salayev iyunun 29-da öz avtomobili ilə yol hərəkəti qaydalarını pozub, üstündə ödənməmiş cəriməsi olan nəqliyyat vasitəsi mühafizəli meydançaya yerləşdirilib, bundan narazı qalan Zamin Salayev iyulun 7-də şəhərin mərkəzi parkında səs-küy qaldırıb, onu intizama dəvət edən polis əməkdaşlarına isə müqavimət göstərib.
AXCP-dən verilən bilgiyə əsasən, Zamin Salayev iyulun 7-si mərkəzi parkda olarkən “Facebook” hesabından canlı yayıma çıxıb, oğlunun avtomobilindən oğurluq olduğunu deyib, polisi araşdırma aparmamaqda ittiham edib.
Oqtay Salayev “Meydan TV”yə bildirib ki, zərgərdir, avtomobili saxlanarkən içində qızıl-zinət əşyaları, həmçinin evin sənədləri olub, hazırda heç biri yoxdur.
Novator.az bildirir ki, Zamin Salayev 2020-2022-ci illərdə həbsdə olub. 2020-ci il aprelin 20-də böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilən cəbhəçinin cəzası 2021-ci ildə 1 il 9 aya düşürülüb, o, 2022-ci il yanvarın 19-da azadlığa buraxılıb.
Zamin Salayevə 2 il 3 ay işi Salyan Rayon Məhkəməsi kəsmişdi. Cəbhəçi polis kapitanı Həmzə Əzizovun şikayəti əsasında həbs edilmişdi. Zamin Salayev sosial şəbəkədə video yayaraq Həmzə Əzizovu qanunazidd və polis əməkdaşına yaraşmayan hərəkətlərdə günahlandırmış, bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.
Məhkəmə polis kapitanının şikayətini təmin etmiş, Zamin Salayevi Həmzə Əzizova ağır cinayətdə ittiham etməklə böhtan atmaqda və onu təhqir etməkdə təqsirli bilmişdi.