İyulun 8-də İsveçrənin Federal Cinayət Məhkəməsi FİFA və UEFA-nın sabiq prezidentləri Jozef Blatterlə Mişel Platiniyə bəraət hökmü çıxarıb. Prokurorluq hər iki şəxsə 1 il 8 aylıq şərti həbs cəzası verilməsini istəmişdi.
İttihama görə, Mişel Platini 2011-ci ildə FİFA-dan 2 milyon İsveçrə frankı məbləğində qanunsuz ödəniş alıb. Vəsaitin Mişel Platininin FİFA prezidentinin müşaviri postundakı fəaliyyəti (1998-2002-ci illər) ilə bağlı olduğu vurğulanırdı.
2021-ci il noyabrın 2-də İsveçrənin Federal Prokurorluğu irəli sürdüyü ittiham üzrə mühakimə bu il iyunun 8-də başlamışdı.
Həm FİFA, həm də UEFA-nın mənzil-qərargahları İsveçrədə yerləşir.
2015-ci ilin mayından FİFA ətrafında korrupsiya qalmaqalı gedib, bir çox məmur tutulub. İyulun 2-də Jozef Blatter FİFA prezidenti postundan istefa verib. Sentyabr ayında 2 milyon franklıq qanunsuz ödəniş ittihamı gündəmə gəlib. Dekabrın 21-də hər iki şəxs 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Sonradan Mişel Platininin cəzası 4 ilə endirilib. 2016-cı il sentyabrın 14-də Mişel Platini UEFA prezidenti postunu tərk edib.
1936-cı il təvəllüdlü Jozef Blatter 1998-ci ildən FİFA prezidenti olub.
1955-ci il təvəllüdlü Mişel Platini futbolçu karyerası ərzində Fransanın “Nansi”, “Sent-Etyenn”, İtaliyanın “Yuventus” klublarında oynayıb, Fransa milli komandasının şərəfini qoruyub.
Avropa çempionu, Kuboklar kubokunun, Çempionlar kubokunun, Avropa superkubokunun, qitələrarası kubokun qalibidir.
1983, 1984, 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatı alıb.
1987-ci ildən məşqçilik edən, sonradan isə futbol funksioneri kimi çalışan Mişel Platini 2007-ci ildən UEFA prezidenti, eyni zamanda FİFA-nın vitse-prezidenti olub. 2020-ci ildən Beynəlxalq Peşəkar Futbolçular Federasiyası prezidentinin müşaviridir.