İyulun 13-ü gündüz saat 12-də Nazirlər Kabinetinin binası qarşısında quru sərhədlərin açılması tələbli piket keçirilə bilər. Siyasətçi Tofiq Yaqublu yazır ki, aksiya təşəbbüsünü o irəli sürüb və Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu təqdim edib: “Quru sərhədlərin çox absurd olaraq bağlı saxlanması əhalinin böyük hissəsinə ciddi problem yaradır. Hakimiyyətin haqsızlıqlarına və özbaşınalıqlarına etiraz etmək isə təkcə bu cür hallardan əziyyət çəkən vətəndaşların deyil, bütün cəmiyyətin borcudur”.
2020-ci ilin yazından Azərbaycanda yeni koronavirus infeksiyasına görə xüsusi karantin rejimi tətbiq olunur. Nazirlər Kabineti ölkəyə giriş-çıxışa məhdudiyyətə – quru sərhədlərin vətəndaşlar üçün qapalı olmasına qərar verib, sonuncu dəfə qadağanın müddətini 2022-ci il sentyabrın 1-dək uzadıb.
Novator.az bildirir ki, 1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.