Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsinin yarım illik icrasına dair bilgi yayıb. Məlumata görə, yanvar-iyun aylarında 14 milyard 205,5 milyon manat büdcə gəliri, 12 milyard 936,6 milyon manat xərc rəsmiləşib.
Dövlət Vergi Xidmətindən büdcəyə 6 milyard 482,1 milyon manat, Dövlət Gömrük Komitəsindən 2 milyard 539,7 milyon manat, büdcədən maliyyələşən idarə və təşkilatların iş və ödənişli xidmətlərindən 371,5 milyon manatın daxil olduğu vurğulanır.
Başqa daxilolmalar 164,2 milyon manat, Dövlət Neft Fondundan köçürmə 4 milyard 648 milyon manat göstərilir.
Qeyd olunur ki, altı ayda xərclərin 67,4 faizi cari xərclərə, 26,5 faizi əsaslı xərclərə, 6,1 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Novator.az bildirir ki, iyulun 1-dən yenilənən 2022-ci il büdcəsində gəlirlər 29 milyard 197,8 milyon manat, xərclər 32 milyard 303,8 milyon manatdır.
Gəlirlərin 11 milyard 740 milyon manatı Dövlət Vergi Xidmətindən daxilolmaların, 11 milyard 517,5 milyon manatı Dövlət Neft Fondundan köçürmənin, 4 milyard 605 milyon manatı Dövlət Gömrük Komitəsindən daxilolmaların, 834 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 318 milyon manatı başqa gəlirlərin, 183,3 milyon manatı büdcə fondlarının payına düşür.
İqtisadi fəaliyyətə 7 milyard 67,9 milyon manat, müdafiə və milli təhlükəsizliyə 5 milyard 84,8 milyon manat, ümumi dövlət xidmətlərinə 4 milyard 355,3 milyon manat, təhsilə 3 milyard 886,6 milyon manat, sosial müdafiə və sosial təminata 3 milyard 728,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa 2 milyard 482,3 milyon manat, səhiyyəyə 1 milyard 708,8 milyon manat, kənd təsərrüfatına 997,3 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 463,2 milyon manat, ətraf mühitin mühafizəsinə 292,2 milyon manat, mənzil və kommunal təsərrüfatına 272,7 milyon manat, əsas bölmələrə aid edilməyən xərclərə 1 milyard 964,1 milyon manat ayırmaq nəzərdə tutulur.