Bir qrup qazi KİM TV internet kanalının (Kaspian İnformasiya Mərkəzi) qurucusu Abid Qafarovu xüsusi ittiham qaydasında məhkəməyə verib. Yasamal Rayon Məhkəməsinin baxdığı müraciətdə Abid Qafarovun böhtan və təhqirə görə məsuliyyətə cəlb olunması istənir.
Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, böhtan və təhqir cərimə, ictimai işlər, islah işləri və 6 ayadək müddətə azadlıqdan məhrumetmə kimi cəzalar nəzərdə tutur.
AXCP sədri Əli Kərimli yazır ki, Abid Qafarov 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkisində fəal iştirakı ilə diqqət cəlb edib (14 saylı Xəzər seçki dairəsindən deputatlığa namizəd olub). Onun çox yaxşı seçki kampaniyası ilə xalqdan səs aldığını, ancaq parlamentə buraxılmadığını vurğulayan Əli Kərimli sonradan internet televiziyası yaradıb ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka başladığını qeyd edir: “Tərtər işi” adı ilə tanınan qırğın əksər vicdanlı adamlar kimi Abid bəyi də təsirləndirmişdi. O, cinayətlərin açılıb ifşa olunması üçün mübarizəyə qoşuldu. Şərlənmiş hərbçilərimizə divan tutmuş canilərin aşkarlanması və məhkəmə qarşısında dayanması üçün əlindən gələni elədi. Elə bununla da rejimin hədəfinə gəldi.
Rejim Tərtər cinayətlərini ifşa edənləri susdurmaqda qərarlı görünür. Oqtay Gülalıyevin başına gətirilənləri, İlham Aslanoğlunun təhqir adı ilə şərlənərək həbs edildiyini bilirsiniz. Belə görünür ki, rejim Abid Qafarovu da şərlədərək həbs etdirmək istəyir.
İlham Əliyev hakimiyyətinin Abid Qafarovu həbs etdirmək cəhdlərini qəti şəkildə pisləyirəm. Abid Qafarov kimi ictimai-siyasi fəallar məhbəslərdə çürüdülməməlidir, tam əksinə, belə şəxslərin qabiliyyət və bacarığından dövlət idarəetməsində istifadə olunmalıdır. Hakimiyyət Azərbaycanı böyük həbsxanaya çevirmək siyasətindən imtina etməlidir”.