İyulun 5-dən başlayaraq Böyük Britaniya hökumətinin 30-a yaxın üzvü, o cümlədən bir neçə nazir istefa verib. Onlar addımlarını baş nazirə etimadsızlıqla əsaslandırır, Boris Consonu postunu tərk etməyə çağırır.
Baş nazir əvvəllər adı müxtəlif qalmaqallarda hallanmış Kris Pinçerə hakim partiyada yüksək vəzifə verməkdə təqsirli sayılır. Parlamentin üzvü olan Kris Pinçer iyunun 29-da paytaxt Londonun klublarının birində sərxoş vəziyyətdə dava salıb, ertəsi gün günahını boynuna alaraq istefa verib, bununla da hökumətdə və ümumən ölkədə siyasi zəlzələ yaranıb. Nəticələri iyulun 6-da açıqlanan bir rəy sorğusuna görə, seçicilərin 69 faizi Boris Consonun istefasına tərəfdardır.
Novator.az bildirir ki, 1964-cü il təvəllüdlü Boris Conson 2008-2016-cı illərdə Londonun meri, 2016-2018-ci illərdə Böyük Britaniyanın xarici işlər naziri olub.
2019-cu il iyulun 23-də Mühafizəkarlar Partiyasının lideri seçilib, iyulun 24-də baş nazirliyə başlayıb. 2019-cu il dekabrın 12-də keçirilmiş parlament seçkisini udan Mühafizəkarlar Partiyası yenidən hökumət qurub. Mühafizəkarlar Partiyası parlamentin alt qanadı olan 650 yerlik İcmalar Palatasında çoxluqdadır.
Baş nazir xeyli vaxtdır 2020-2021-ci illərin koronavirus qapanmaları, sərt karantin rejimləri dövründə hökumət iqamətgahında keçirilən kütləvi şənlik mərasimlərinə qatılmaqda ittiham olunur.