Politoloq Azər Qasımlı Avropa İttifaqının təşkil etdiyi “Sülhsevər Cənubi Qafqaz üçün ssenarilər” mövzulu dəyirmi masada iştirakından yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, iyunun 28-30-u Gürcüstanda keçirilmiş dəyirmi masada erməni heyəti ilə ünsiyyət sülhə nail olmaq üçün görüləsi çox işin olduğunu göstərib: “16-cı əsrin əvvəllərində Avropanın ən döyüşkən əsgərləri isveçrəlilər idi. Lakin 1515-ci ildə İsveçrə fransızlar və venesiyalılarla apardığı müharibəni uduzdu. Müharibədə hər iki isveçrəli əsgərdən biri öldürülmüşdü. İsveçrə məhz həmin məğlubiyyət nəticəsində neytral status qazandı. Birinci və İkinci Dünya müharibələrində bütün Avropa dağılsa da, İsveçrə salamat qaldı. 1515 məğlubiyyəti və 1815-ci ilin Vyana konfransında üzərinə götürdüyü neytrallıq sayəsində!
Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində məğlub oldu. Lakin bu o demək deyil ki, bununla dünyanın axırı gəldi və sabah ermənilər yenidən müharibəyə başlayıb Qarabağı almağa çalışmalıdır. Tarixdə elə olur ki, düzgün yol seçmək üçün nəsə itirmək lazımdır. Əslində ermənilər 2020-ci ildə deyil, strateji olaraq daha əvvəl, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəlində Qarabağ müharibəsini alovlandıranda uduzmuşdular. Çünki yanlış yol seçmişdilər, öz çəkilərindən qat-qat ağır yükün altına girmişdilər. Tarixdən dərs çıxarmaq üçün hələ gec deyil.
Biz də tarixdən dərs çıxarmalıyıq. 44 günlük savaşda qalib olduq. Lakin Birinci Dünya müharibəsindən də qalib ayrılanlar var idi. Qalibiyyəti möhkəmlətmək üçün strateji düşünməliyik. Bunu uduzan tərəfin öz mənliyini saxlamasına yardım edərək də reallaşdırmalıyıq ki, erməni revanşistlərin sözü keçərli olmasın.
Bu gün Qarabağ nə bizdədir, nə də ermənidə. Qarabağ Rusiyanın əlindədir. Reallıq budur. Ukrayna müharibəsi Rusiyanın zəifləməsi ilə bitməyənə qədər rus əsgərlərini Qarabağdan çıxarmaq çətin olacaq. Bu gün mümkün olmasa da, gələcək perspektiv baxımdan sülhün bərqərar olması üçün indidən problemlərin həlli yollarını göstərməliyik.
Cənubi Qafqazda silahlar danışmamalı, “koridor” anlayışı və qapalı yerlər olmamalıdır. Sərhədlər şəffaf olmalı, hərəkət azadlığı təmin edilməlidir. Həm insanların, həm maliyyənin, həm işçi qüvvəsinin sərbəst hərəkət imkanı olmalıdır.
Sülhün bərqərar olması üçün iki əsas şərtin təmin olunması önəmlidir: beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmət, demokratiya və insan haqlarına hörmət.
Problemlər bir günə həll olunmayacaq. Bunun üçün addım-addım həyata keçirilən düzgün siyasətə ehtiyac var. Mənim doğru hesab etdiyim tədbirlər planı belədir: Rusiya hərbi kontingenti Qarabağdan çıxanda bölgə ermənilərinin təhlükəsizliyinin təmin olunması mexanizminin razılaşdırılması, Qarabağın demilitarizasiyası, Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələrin yaradılması, bütün kommunikasiyaların və sərhədlərin açılması.
Azərbaycanda və Ermənistanda demokratikləşmə və əks-mərkəzləşmə prosesinə start verilməli, hər iki ölkə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayaraq üzərinə götürdüyü demokratikləşmə və azad iqtisadi mühitin yaradılmasını təmin etməlidir.
Ölkələrin ərazi bütövlüyünə hörmət, beynəlxalq sərhədlərin toxunulmazlığı, yuxarıdan aşağıya qədər demokratikləşmə və özünüidarəetmə – sülhə aparan yeganə uyğun ssenaridir. Bunun əksi müharibə, əbədi kin və ədavətdir”.