Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, əsas yeniliyə görə, Şuşa Şəhəri Dövlət Qoruğu rəsmi “Şuşa” adından istifadədə müstəsna hüquq alır, bu hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə yol verilir: hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında; mükafatların və təltiflərin adlarında; yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında; kommersiya və reklam məqsədilə; əmtəə nişanlarında və coğrafi göstəricilərdə.
Şuşanın əsası 1750-ci ildə qoyulub.
1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib.
2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.
2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.
2021-ci il yanvarın 27-də Aydın Kərimov prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub, mayın 7-də Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib, iyunun 22-də “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun qüvvəyə minib, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi yaradılıb, iyulun 16-da Məftun Abbasov qurumun İdarə Heyətinin sədri postuna təyinat alıb.
Şuşa rayonu Şuşa şəhərindən, 1 qəsəbə və 37 kənddən ibarətdir.
Hazırda Şuşanın Daşaltı kəndi də Azərbaycanın nəzarətindədir.
36 kənd və Turşsu qəsəbəsi işğalda və bölgədə atəşkəsə məsul olan Rusiya sülhməramlılarının əlindədir.