ABŞ-ın “Nyu-York Tayms” qəzeti Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qoşulmasına razılıq verməsini Rusiya prezidenti Vladimir Putinə zərbə kimi qiymətləndirir.
İsveç və Finlandiyanın hərbi-siyasi ittifaq olan NATO-ya qoşulmaq niyyəti Rusiyanın 2022-ci il fevralın 24-dən Ukraynada apardığı total işğalçı müharibə fonunda ortaya çıxıb, onlar mayın 12-də alyansa rəsmi müraciət ediblər.
1952-ci ildən NATO-nun üzvü olan Türkiyə İsveç və Finlandiyanın Türkiyədə separatçılığa, terrorçu kimi tanınan qurumlara dəstək verdiyini əsas gətirərək onları alyansa buraxmaq istəmirdi. Lakin iyunun 28-i İspaniyanın paytaxtı Madriddə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirlərinin imzaladığı bəyannamə ilə problem həll edilib. İsveç və Finlandiya Türkiyəni narahat edən məsələlərin çözümü üçün öhdəlik götürüblər, Türkiyə isə veto hüququndan istifadə etməməyə razılaşıb.
Novator.az-ın məlumatına görə, “Nyu-York Tayms” qəzetinin dərc etdiyi “Putinə zərbə: Türkiyə İsveçlə Finlandiyanı NATO-dan kənarlaşdırmayacaq” başlıqlı yazıda deyilir: “Türkiyənin razılığa gəlməsi həmişə NATO-nun genişlənməsini, o cümlədən Ukraynanın alyansa qoşulmaq cəhdlərini özünə təhdid sayan, buna kəskin etiraz bildirən, Ukraynanı işğal etməsinə həm də bununla haqq qazandıran Rusiya prezidenti Vladimir Putinə zərbədir. Türkiyənin razılığı Ukraynanın işğalını NATO-nun genişlənməsi niyyətinə qarşı xəbərdarlıq kimi dəyərləndirən Vladimir Putinin məğlubiyyəti, ABŞ prezidenti Cozef Baydenin isə qələbəsidir”.
Qəzet bildirir ki, Ankaranın razılığa gəlməsi Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Madriddə İsveçin baş naziri Maqdalena Andersson və Finlandiya prezidenti Sauli Niinistö ilə 4 saatlıq görüşündən sonra baş tutub: “Türkiyədə və qonşu ölkələrdə etnik kürdlərin muxtariyyət tələblərini etirazla qarşılayan Ərdoğana hansısa güzəştlərin edilib-edilmədiyi məlum deyil. Ərdoğan İsveç və Finlandiyanı Türkiyənin terrorçu saydığı kürdlərə sığınacaq verməkdə günahlandırır. O, habelə kürd yaraqlıları ilə mübarizə aparmaq üçün Suriyaya hərbi müdaxilə edəndən sonra Skandinaviya ölkələrinin Türkiyəyə silah embarqosu qoymasına etiraz edir”.
İyunun 29-u Madriddə NATO-nun sammiti başlanıb. Sammitdə İsveçlə Finlandiyanın alyansa rəsmi dəvət alması gözlənir.
Qaydalara görə, NATO-ya qoşulmağın ilk rəsmi addımı üzv ölkələrin və namizədin hərbi alyansdakı səfirlərinin protokol imzalaması sayılır. NATO-da qərarlar konsensus əsasında qəbul olunduğu üçün hər bir üzv ölkənin razılığı mütləqdir.
Protokol imza mərhələsini aşdıqdan sonra hərbi alyansa üzv dövlətlərin, o cümlədən namizəd ölkənin parlamentində ratifikasiya edilir, yalnız bundan sonra alyansa qəbul rəsmiləşir.
30 üzvü olan NATO-nun mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə yerləşir.
NATO-nu 1949-cu ildə bu ölkələr yaradıb: ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, Fransa, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya.
Türkiyə və Yunanıstan quruma 1952-ci ildə qoşulublar.
Qərbi Almaniya (1990-cı ildən Almaniya) 1955-ci ildə NATO-ya üzv olub.
İspaniya hərbi-siyasi ittifaqa 1982-ci ildə girib.
Çexiya, Macarıstan və Polşanın NATO üzvlüyü 1999-cu ildə rəsmiləşib.
Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya 2004-cü ildən NATO-da təmsil olunurlar.
Albaniya və Xorvatiyanın üzvlüyü 2009-cu ildə başlayıb.
Monteneqro 2017-ci ildən ittifaqdadır.
Şimali Makedoniya NATO sıralarına 2020-ci ildə əlavə edilib.
Mənbə: Nytimes.com