Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, müraciətdə parlamentdə təmsilçisi olmayan seçki dairələrinin məsələsi qaldırılır.
125 nəfərlik Azərbaycan parlamentində 7 yer boşdur.
Milli Məclisə son seçki 2020-ci il fevralın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələr ləğv olunub.
116 saylı Qəbələ dairəsindən deputat Fəttah Heydərov 2020-ci il avqustun 4-də vəfat edib.
55 saylı Xaçmaz şəhər dairəsindən deputat Eldəniz Səlimov 2021-ci il avqustun 3-də həbs edilib, hazırda 3 il 6 aylıq azadlıqdan məhrumetmə cəzası çəkir. Cəza hökmü 2022-ci il fevralın 28-də qanuni qüvvəyə minib və Eldəniz Səlimov mandatını itirib.
50 saylı Abşeron-Qobustan dairəsindən deputat Şahin Seyidzadə dövlət orqanlarında vəzifəyə keçdiyi üçün Mərkəzi Seçki Komissiyasının 17 mart 2022-ci il iclasında onun mandatına xitam verilib.
Seçki etibarsız sayıldığı halda təkrar seçki, deputat mandatı boş qalanda əlavə seçki təyin edilməlidir. Ancaq belə qərarlar olmayıb.
İlqar Məmmədov prezidentə müraciətində qeyd edir ki, 7 dairədə yaşayan 380 mindən çox seçici uzun müddətdir Milli Məclisdə təmsilçisiz qalır: “Parlamentarizm dövlətin vergi siyasətinə birbaşa bağlı olub deyə toplanan vergilərə Milli Məclisin sərəncam verməsində öz təmsilçiləri vasitəsilə iştirak vətəndaşların haqqıdır”.
İlqar Məmmədov həmçinin bildirir ki, REAL Partiyası 33 və 35 saylı dairələrin ümumilikdə 1651 seçicisindən seçki istəyi haqda imzalar toplayıb, həmin imzalar məktuba əlavə olunub.