Milli Məclisin 29 iyun iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər son oxunuşdan keçib. Layihədə gəlirlər 29 milyard 197,8 milyon manat, xərclər 32 milyard 303,8 milyon manat göstərilir.
Gəlirlərin 11 milyard 740 milyon manatı Dövlət Vergi Xidmətindən daxilolmaların, 11 milyard 517,5 milyon manatı Dövlət Neft Fondundan köçürmənin, 4 milyard 605 milyon manatı Dövlət Gömrük Komitəsindən daxilolmaların, 834 milyon manatı büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 318 milyon manatı sair gəlirlərin, 183,3 milyon manatı büdcə fondlarının payına düşür.
Novator.az bildirir ki, iqtisadi fəaliyyətə 7 milyard 67,9 milyon manat, müdafiə və milli təhlükəsizliyə 5 milyard 84,8 milyon manat, ümumi dövlət xidmətlərinə 4 milyard 355,3 milyon manat, təhsilə 3 milyard 886,6 milyon manat, sosial müdafiə və sosial təminata 3 milyard 728,6 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa 2 milyard 482,3 milyon manat, səhiyyəyə 1 milyard 708,8 milyon manat, kənd təsərrüfatına 997,3 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 463,2 milyon manat, ətraf mühitin mühafizəsinə 292,2 milyon manat, mənzil və kommunal təsərrüfatına 272,7 milyon manat, əsas bölmələrə aid edilməyən xərclərə 1 milyard 964,1 milyon manat ayırmaq nəzərdə tutulur.
2022-ci ilin büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. Yeni layihədə qiymət 85 dollara qaldırılır.
İyunun 29-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 124,68 dollara satılır.
“AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48 dollarla başlayıb.
Yenilənən büdcənin iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.