“Biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq”. İyunun 26-sı Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlini qoyan prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd edib ki, səfərinin əsas səbəbi Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olmaq istəyidir: “Mən hərbçilərlə – yeni yaradılmış komando qüvvələri ilə Ordu Gününü Kəlbəcərdə qeyd etdim. Bunun çox böyük rəmzi mənası var. Hərbi xidmət nöqteyi-nəzərdən bu bölgə – Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından bəlkə də ən çətin bölgədir. Ona görə bu gün mən burada, müzəffər ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi.
Eyni zamanda fürsətdən istifadə edərək son bir il ərzində burada görülmüş işlərlə də tanış oldum. Görürdüm, baxırdım mənim göstərişlərim necə yerinə yetirilir, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı hansı əlavə addımlar atılmalıdır.
Bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Buna baxmayaraq bütün infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpa olunan enerji növlərinin həcminin artırılmasına xidmət göstərir.
Yollar çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf dağlardır, meşələrdir.
Bu gün mənə eyni zamanda digər infrastruktur layihələrinin icrası ilə bağlı məlumat verildi. Qısa müddət ərzində, – müharibədən cəmi il yarım keçib, – bu genişmiqyaslı işlərin görülməsi həm gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz bunu təkbaşına edirik və edəcəyik.
Kəlbəcər şəhərinin baş planı mənə təqdim edildi. Baş planı hazırlayan şirkət Zəngilan şəhərinin baş planını da hazırlayıb. Mən o vaxt demişdim ki, Zəngilan şəhəri təbiətə sıx inteqrasiya olunmalıdır, park-şəhər olmalıdır, Kəlbəcər də həmçinin. Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin baş planının təsdiq olunması bu təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcək. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik.
Laçın rayonunda yeni hava limanı inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır. Ona görə biz dağları yarırıq, dağları kəsirik ki, zolaq üçün uyğun şərait yaradılsın. Ona görə bu torpaq işləri hələ gələn il də davam edəcək. Ümid edirəm ki, 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və ondan sonra gediş-gəliş daha rahat olacaq. Əminəm ki, bu bölgə turizm zonası olacaq. Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur. Təbii gözəllik – çaylar, bulaqlar, meşələr – biz bütün bu sərvətdən məhrum idik, ermənilər bizim xalqımızı məhrum etmişdilər. Otuz il ərzində bizim təbii sərvətlərimizi istismar edir, ağaclarımızı kəsirdilər, – 60 min hektar ağac fondu, meşə fondu məhv edilib, – çaylarımızı zəhərləyir, binalarımızı sökür, qızıl yataqlarımızı qanunsuz istismar edirdilər. Hər şeyi qanunsuz edirdilər. Bu gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var və biz bu məlumatı daha da genişləndirəcəyik.
Biz hərtərəfli iş görürük – həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb – ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar desinlər. Çünki normal adam bu əməllərə əl atmaz.
Biz isə qurub-yaradan xalqıq. Biz gəlmişik, tamamilə dağılmış 10 min kvadrat kilometr ərazidə yeni həyat qururuq. Artıq yeni həyatın təzahürləri görünməkdədir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Mənə verilən məlumata görə, indi Şuşa şəhərində mindən çox insan yerləşib və inşaat işləri ilə məşğuldur, xidmət sahəsində işləyir. Artıq Ağdamda sənaye parkı yaradılır. Zəngilanda, Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi istismara verilib. Yəni bunu biz edirik, biz – bu torpaqların sahibləri.
Ermənistanla bütün sərhəd boyunca yeni mövqelər, yeni postlar quraşdırılır. Heç vaxt olmayan, Ermənistan sərhədinə gedən bir çox yollar salınır ki, biz mövqelərə daha rahat gələ bilək.
Bütün bu işlərin həcmi bir daha xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, bir daha demək istəyirəm, biz bu torpaqların sahibiyik, buraya qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”