Prezident İlham Əliyev iyunun 26-da Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı Göygöldə Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcərdə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin açılışlarına qatılıb, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçında “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə maraqlanıb.
Laçında prezidentə “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.
Dövlət başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.
Sonra İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasına baş çəkib. Burada dövlət başçısına rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.
Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.
Sonra dövlət başçısı çıxış edib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri ələ keçirib. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun 1 kəndi, Qazax rayonunun 7 kəndi də işğala məruz qalıb.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.