2022-ci ilin dövlət büdcəsində 26 milyard 816 milyon manat gəlir, 29 milyard 879 milyon manat xərc rəsmiləşib. Parlament müzakirəsində olan yeni layihədə büdcə gəlirlərinin 2 milyard 382 milyon manat, büdcə xərclərinin 2 milyard 425 milyon manat artırılması nəzərdə tutulur. Təsdiqlənmiş xərclər arasında aparılacaq 561 milyon manat dəyişiklik də hesablananda xərclərdə artım 2 milyard 986 milyon manat olur. İnfrastruktur layihələrinə 1 milyard 447 milyon manat, yaşayış məntəqələri üzrə tədbirlərə 34 milyon manat, müdafiə və milli təhlükəsizlik sahəsinə 588 milyon manat, sosial müdafiə sahəsinə 519 milyon manat, ərzaq təhlükəsizliyi üzrə tədbirlərə 193 milyon manat, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərə 163 milyon manat, kommunal və kommunikasiya sahələrinə 42 milyon manat əlavə vəsait ayırmaq planlaşdırılır.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli büdcədə və başqa rəsmi sənədlərdə dəyişiklik təkliflərinə belə münasibət bildirib: “Deputatların maaşını artırmağa pul tapılır, ancaq şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının müavinətini artırmağa yox.
Ölkənin milli sərvətlərini göyə sovuran dövlət şirkətlərinin büdcəyə borclarını ödəməyə də pul varmış. SOCAR-ın 225 milyon manat, “Aqrarkredit”in 120 milyon manat, “Azərenerji”nin 101,2 milyon manat, AZAL-ın 34,8 milyon manat borcunu ödəyən dövlət büdcəsində uşaq pulu verməyə yenə də pul tapılmır.
Büdcədə bir sıra dövlət müəssisəsinin dövlət zəmanəti ilə alınmış borclarını ödəmək üçün də 493,6 milyon manat pul tapılır. Ancaq pensiyaları, müavinətləri, maaşları real inflyasiyaya uyğun artırmağa pul tapılmır.
Hökumət dövlət büdcəsində yaranmış 2,5 milyard manatlıq artıqlığı da elə bölüşdürdü ki, ölkənin yoxsulluq və işsizlik içində ölüm-dirim mübarizəsi aparan milyonlarla yoxsul və işsizinə həmin milyardlardan pay düşməyəcək. Ancaq büdcədən “dövlət investisiyaları” adı altında ayrılan milyardların bir qisminin London mülklərini daha da artırmağa xidmət edəcəyinə heç bir şübhə yoxdur”.
Yenilənən büdcə nəyə işarədir?
Dövlət büdcəsinin yenilənən gəlir və xərcləri
Büdcədə yeniliklər ilk oxunuşdan keçdi