Ukrayna və Moldova Avropa İttifaqı üzvlüyünə namizəd statusu alıblar. Qərar iyunun 23-ü Brüsseldə, ittifaq ölkələrinin dövlət və hökumət başçılarının sammitində qəbul olunub.
Ukrayna Avropa İttifaqına qoşulmaq üçün bu il fevralın 28-də, Moldova, eləcə də Gürcüstan martın 3-də rəsmi ərizə verib.
Gürcüstanın namizəd statusu üzrə müzakirələr davam edir.
Novator.az bildirir ki, Avropa İttifaqının 27 üzvü var.
Qurumu Belçika, Fransa, İtaliya, Qərbi Almaniya, Lüksemburq və Niderland 1957-ci ildə Avropa İqtisadi Birliyi kimi yaradıb.
1973-cü ildə Böyük Britaniya, Danimarka və İrlandiya, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə İspaniya və Portuqaliya Avropa İqtisadi Birliyinə qoşulub.
1990-cı ildə Şərqi Almaniya və Qərbi Almaniya vahid Almaniya dövlətində birləşib.
1992-ci ildə Avropa İqtisadi Birliyinin əsasında Avropa İttifaqı təsis olunub.
1995-ci ildə Avstriya, Finlandiya və İsveç Avropa İttifaqına qəbul edilib.
2004-cü ildə Çexiya, Estoniya, Kipr, Latviya, Litva, Macarıstan, Malta, Polşa, Slovakiya və Sloveniya Avropa İttifaqına qoşulub.
Bolqarıstan və Rumıniya 2007-ci ildən, Xorvatiya 2013-cü ildən Avropa İttifaqının üzvüdür.
Böyük Britaniya 2020-ci ildə Avropa İttifaqını tərk edib.
Albaniya, Monteneqro, Serbiya, Şimali Makedoniya və Türkiyə Avropa İttifaqı üzvlüyünə namizəd statusundadır.
Quruma üzvlük üçün Bosniya və Herseqovina ilə Kosovo da danışıqlar aparır.