İyunun 23-də Yasamal Rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə yeni hökm oxuyub. Yeni Azərbaycan Partiyasının sabiq üzvü Ramiz Göyüşovun xüsusi ittiham qaydasında müraciətini nəzərə alan məhkəmə siyasətçini təhqirdə təqsirli bilib, ona 6 aylıq azadlıqdan məhrumetmə cəzası kəsib. Əvvəlki iki hökm nəzərə alınmaqla Əli Əliyevin ümumi həbs müddəti 1 il müəyyən edilib.
Novator.az bildirir ki, 2021-ci il noyabrın 30-u Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov xəsarətlər alıb. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar. Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlərdə siyasətçinin böhtana (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) görə məsuliyyətə cəlb olunması istənib.
Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm Emil Cəfərovun şikayəti əsasında çıxarılıb. Siyasətçi həmin gündən Bakı İstintaq Təcridxanasında saxlanır.
Aprelin 15-də Yasamal Rayon Məhkəməsi Ramin Ədilovun şikayəti üzrə prosesi bitirib. Siyasətçiyə əvvəlki hökm nəzərə alınmaqla qəti olaraq 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib.
Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.
1967-ci il təvəllüdlü Əli Əliyev biologiya elmləri namizədidir. 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.
Əli Əliyev: cəmiyyətə və hakimiyyətə çağırış var
Əli Əliyev: ikinci məhkəmə uzanır
Əli Əliyev: yeni şikayətdə nə istənir?
Əli Əliyevin işi apellyasiya çəkişməsində