Müsavat Partiyasının başqanı Arif Hacılı iyunun 21-i Brüsseldə, Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamentində keçirilən Şərq tərəfdaşlığı mövzulu dəyirmi masada danışıb.
Əsası 1957-ci ildə qoyulan, hazırda 27 ölkəni birləşdirən Avropa İttifaqı Şərq tərəfdaşlığı proqramını 2009-cu ildə elan edib. Proqrama Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan daxildir (Belarus da bir müddət proqramın iştirakçısı olub).
Arif Hacılinın yaydığı məlumata görə, 21 iyun çıxışında bu tezislər yer alıb: “İndi bütün siyasi tədbirlərin, siyasi diskussiyaların əsas mövzusu Rusiya-Ukrayna müharibəsidir. Bu təbiidir. Çünki dünyanın, xüsusilə Avropa və postsovet məkanı ölkələrinin gələcək inkişafı, həmçinin Şərq tərəfdaşlığı proqramının perspektivi müharibənin nəticələrindən asılıdır.
Şərq tərəfdaşlığı ölkələri Rusiya ilə Avropa, Rusiya ilə Qərb arasında seçim etməlidir. Bu, Azərbaycan və Ermənistana da aiddir.
Azərbaycanda aydın şəkildə dərk olunur ki, Rusiyanın bu müharibədə qələbəsi yalnız Ukrayna üçün yox, həm də Azərbaycan üçün böyük fəlakətlərə səbəb ola bilər.
Rusiyanın Cənubi Qafqaza təsiri davam etdikcə bu bölgədə davamlı sabitlik olmayacaq.
Qarabağ nizamlanması prosesi Kremlin nəzarətindən çıxarılmalı, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində Avropa İttifaqının təşəbbüsü ilə başlanan proses davam etdirilməlidir.
İndiki Rusiya qonşu dövlətlərin suverenliyini, bütövlükdə dünya təhlükəsizlik sistemini təhdid edir. Odur ki, bu müharibədə Ukraynanın qələbəsinin təmin edilməsi, Rusiyanın hərbi təsir imkanlarının həlledici olaraq məhdudlaşdırılması üçün həyata keçirilən tədbirlər davam etdirilməli və genişləndirilməlidir.
Avropanın enerji təhlükəsizliyində Rusiyanın əsas alternativlərindən biri kimi ciddi potensialı olan Azərbaycana diqqət artırılmalıdır.
Avropa İttifaqı ilə Azərbaycan arasında 2017-ildən müzakirədə olan strateji tərəfdaşlıq sazişinin tezliklə imzalanması istiqamətində səylər artırılmalıdır.
Azərbaycanın Avropa ölkələri ilə viza rejimi sadələşdirilməlidir.
Putin rejimi dünyada olan bütün avtoritar rejimlərin dayağıdır. Rusiyanın Ukraynaya təcavüzü yalnız ərazi iddiaları ilə bağlı deyil. Putini daha çox narahat edən məsələ Rusiyanın sərhədlərində seçkili demokratiyaya, gerçək hakimiyyət bölgüsünə əsaslanan azad Ukrayna dövlətinin yaranması idi. Bu baxımdan Ukraynada davam edən müharibə həm də avtoritar düşüncə ilə demokratik dəyərlər arasında gedən müharibədir. Bu müharibədə Ukraynanın tərəfində olanlar Rusiya ilə qonşu ölkələrdə, həmçinin Azərbaycanda demokratik qüvvələrə dəstək verməlidir”.
Arif Hacılı həmçinin qeyd edir ki, Azərbaycanda əsas insan hüquqları və azadlıqlar, sərbəst toplaşmaq, söz və ifadə azadlığı, siyasi məhbuslar, yerli və ali hakimiyyət orqanlarına seçkilər sahəsində olan problemlərdən söz açıb.