“Ermənistan əhalisinin bir qismi öz xoşbəxtliyini Azərbaycanın tərkibində yaşamaqda görür”. İqtisad elmləri doktoru, professor Qaqik Vardanyan jurnalist, siyasətçi Mustafa Hacıbəyliyə məktubunda belə yazır.
Novator.az-a danışan Mustafa Hacıbəyli deyib ki, iyunun 21-də Ermənistanın “Qraparak” qəzetindəki bir yazıya reaksiya verib: “Erməni qüruru mövzulu həmin yazıya şərhimdə iradlar bildirmişdim. Məsələn, qeyd etmişdim ki, Ermənistanın təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə heç bir təhlükə yoxdur; Türkiyədə minlərlə erməni yaşayır, onları heç kim sıxışdırmır; Ermənistanın bütün problemləri qonşu dövlətə ərazi iddiaları ilə bağlıdır; populizmdən, sərt ifadələrdən və çağırışlardan uzaq olun; “Böyük Ermənistan” yaratmaq cəhdləriniz sizə xoşbəxtlik gətirməyəcək.
Yazının müəllifi, iqtisad elmləri doktoru, professor Qaqik Vardanyan mənim şərhimə elə həmin gün açıq məktubla reaksiya verdi. Onun bütün yazdıqlarına toxunmaq istəmirəm. Birbaşa və ya dolayısı ilə Azərbaycana, Türkiyəyə ərazi iddiaları ilə çıxış edir, qondarma erməni soyqırımından danışır. Erməni xislətini nəzərə alanda bunlar təəccüblü deyil.
Professorun 2018-ci ildən bəri hakimiyyətdə olan qüvvələrə münasibəti maraqlı göründü mənə. Yazır ki, ən böyük populistlər hakimiyyətdə əyləşib. 2016-cı ilin aprel müharibəsini xatırladaraq qeyd edir ki, gələcək inqilabçılar o zaman 800 hektar ərazinin itirilməsinə və 100 nəfərdən bir qədər çox hərbi qulluqçunun ölümünə yaxalarını cırırdılar: “Amma hazırda – bu qədər insan, ərazi itkisi və maddi itkilərin müqabilində özlərini daha inamlı hiss edirlər, çünki onların nəhəng türkpərəst himayəçiləri var”.
Maraqlı məqamlardan biri Qaqik Vardanyanın “Böyük Ermənistan” yaratmaq cəhdləriniz sizə xoşbəxtlik gətirməyəcək” qeydimə cavabıdır. Deyəsən, ruhdan düşüblər. Yazır ki, çox da narahat olmayın, Ermənistan əhalisinin bir qismi öz xoşbəxtliyini Azərbaycanın tərkibində yaşamaqda görür.
Qaqik Vardanyan sonda mənim bu il Şuşada çəkdirdiyim fotoya ilişir. Arxadakı tikili qalıqlarının dağıdılmış erməni abidəsi olub-olmadığını soruşur.
Xurşidbanu Natəvanın evinin qalıqlarıdır. Mənim Şuşada döyüşdüyüm batalyon həmin binada qərar tutmuşdu. İşğal müddətində yandırılaraq məhv edilib”.
1972-ci ildə Zaqatalanın Yuxarı Tala kəndində doğulan Mustafa Hacıbəyli Dövlət İdarəçilik Akademiyasını bitirib, Polşada jurnalistika sahəsi üzrə təhsil alıb. “Basta” saytının baş redaktoru, Müsavat Partiyasının sözçüsüdür.
Birinci Qarabağ müharibəsinin qazisidir. 1992-ci ildə, Azərbaycan Xalq Cəbhəsinin üzvü olan vaxt Şuşaya gedərək Ramiz Qəmbərovun (1992-ci il aprelin 30-da şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır) batalyonuna qoşulub, şəhərin müdafiəsində iştirak edib. Şuşaya erməni basqını günü – 8 may 1992-ci ildə ön mövqedə döyüşüb, ağır yaralanıb.
Mustafa Hacıbəyli 2022-ci il aprelin 28-də Şuşaya səfər edib.