Jurnalist Aytən Məmmədova iyunun 22-də Novator.az saytına danışıb. O deyib ki, hücuma məruz qalması ilə bağlı istintaq davam edir: “Ötən həftə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini məni qəbul edib bəzi bilgiləri bölüşdü, qeyd etdi ki, ərazidəki müşahidə kameralarına düşən kadrlara baxılır, hücumdan əvvəlki günlər izlənib-izlənmədiyim araşdırılır. Hadisə qeyri-aşkar şəraitdə törədildiyi, yaşadığım binanın həyətinə bir neçə istiqamətdən giriş olduğu üçün bəzi çətinliklər yarandığını dedi. Hələ konkret nəticə yoxdur, ancaq araşdırma davam edir”.
Aytən Məmmədova mayın 8-i gecə saat 12 radələrində paytaxtın 9-cu mikrorayonunda, yaşadığı binanın blokunda hücuma məruz qalıb. Orta yaşlı kişi liftdə bıçağı onun boğazına dirəyərək hədələyib, adını çəkmədiyi məhkəmə işindən yazmamaq tələbi qoyub. Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsi olayı Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) araşdırır.
Hücuma məruz qalandan sonra jurnalist hadisədən təxminən 20 gün əvvəl ev telefonuna zəng vuran bir şəxsin onu hədələdiyini bəyan edib.
Araşdırıcı jurnalist kimi tanınan Aytən Məmmədova Nərmin Quliyevanın öldürülməsi ilə bağlı cinayət işindən yazılarına görə qəzəbə tuş gəldiyini düşünür. Bu cinayətə görə tutulan İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
10 yaşlı Nərmin Quliyeva 2019-ci il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. 1973-cü il təvəllüdlü İlkin Süleymanov Dondar Quşçu kəndinin sakinidir. O, məhkəmədə Nərmin Quliyevanın ölümünə aidiyyəti olmadığını deyib, qeyd edib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün ittihamı etiraf ifadəsinə imza atıb. Hüquq müdafiəçiləri İlkin Süleymanovun günahının sübut edilmədiyini bildirir və günahkarların başqa şəxslər olduğu qənaətindədir.