İqtisadçı, ADR Partiyasının sədri Qubad İbadoğlu 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsini şərh edib. Novator.az-ın məlumatına görə, o yazır ki, büdcənin yenilənmiş proqnozları ilə gəlirlər 29 milyard 197,8 milyon manat, xərclər 32 milyard 303,8 milyon manat olur: “Gəlirlər 8,9 faiz, xərclər 8,1 faiz artırılır. Artımdan ən çox pay götürən müdafiə və investisiya büdcələridir. Yenilənmiş proqnozlarla müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 84 milyon 760 min manata yüksəlir. Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 13,2 faiz çoxdur.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 670 milyon manat ayrılacaq, bu da təsdiqlənmiş proqnozu 21,4 faiz üstələyir.
Sosial müdafiə və sosial təminat xərcləri 2,4 faiz, təhsil xərcləri 0,06 faiz artırılır.
Belə bölgü Əliyev rejiminin prioritetlərini göstərir. Şəffaf və hesabatlı xərc həyata keçirilərsə, nə müdafiə və milli təhlükəsizlik xərclərinin, nə də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan vəsaitin artırılmasının əleyhinə olmaram. Lakin bu istiqamətlərə ayrılan vəsaitlər korrupsiyanın miqyasını artırır, onun inkişafına xidmət edir.
2022-ci ilin yanvar-may aylarında istehlak qiymətlərinin 2021-ci ilin eyni dövrünə nisbətən 12,6 faiz artmasına baxmayaraq sonuncu dəfə əməkhaqqı, pensiya və müavinətlər yanvarda artırılıb. Bəs bu il davam edən yüksək inflyasiyanın xərcləri necə ödənməlidir?
Təəssüf ki, bu dəfə də Əliyev rejimi dövlət büdcəsindəki artımlardan sosial ehtiyacı olanlara vəsait ayırmadı, üstünlüyü korrupsiya potensialı yüksək olan sektorlara verdi. Bu isə o deməkdir ki, büdcə talanı həmişəkindən daha geniş miqyasda və sürətlə davam edir”.