Rusiyada həbsdə olan müxalif lider Aleksey Navalnının qızı Darya Navalnaya ABŞ-ın CNN kanalına müsahibəsində bugünlərdə 2 saylı ümumi rejimli koloniyadan 6 saylı ciddi rejimli koloniyaya köçürülən atasının saxlanma şəraitindən danışıb.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. O, 2013 və 2014-cü illərdə həbs cəzalarına məhkum edilib, 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzası alıb.
Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri olan Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Yanvarın 18-də Ximki Şəhər Məhkəməsi sınaq müddəti qaydalarını pozma ittihamı ilə onun barəsində 30 sutka həbs qətimkan tədbiri seçib. Fevralın 2-də isə Moskvanın Simonov Rayon Məhkəməsi eyni ittihamla Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Fevralın 20-də Moskva Şəhər Məhkəməsi həbs müddətini 2 il 6 ay 2 həftəyə endirib.
Həbsindən sonra Rusiyada Aleksey Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb. Ardınca Aleksey Navalnıya ekstremist icmanın yaradılması və ona rəhbərlik ittihamı ilə yeni cinayət işi açılıb. Bu iş üzrə istintaq davam edir.
2022-ci ilin martın 22-si Navalnıya başqa ittihamlarla yeni hökm oxunub. Paytaxt Moskvanın Lefortovo Rayon Məhkəməsi onu xüsusilə külli miqdarda zərər vurmaqla dələduzluqda və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib. Siyasətçiyə 1,2 milyon rubl cərimə də kəsilib.
İttihama əsasən, Aleksey Navalnı 2018-ci ildə toplanmış 350 milyon rubldan çox ianəni aidiyyəti üzrə xərcləməyib və məhkəmə hakimini təhqir edib.
2022-ci ilin iyun ayının ortalarınadək Navalnı cəzasını Rusiyanın Vladimir vilayətində yerləşən 2 saylı ümumi rejimli koloniyada çəkib. İyunun ortalarında onun gözlənilmədən həmin vilayətdə yerləşən 6 saylı ciddi rejimli koloniyaya köçürüldüyü bəlli olub.
6 saylı koloniya ciddi rejimli olmaqla yanaşı, həm də 2 saylı koloniya ilə müqayisədə paytaxt Moskvadan daha uzaq məsafədə – təxminən 250 kilometr aralıda yerləşir.
Novator.az-ın məlumatına görə, Darya Navalnaya CNN-ə müsahibəsində deyib ki, 6 saylı koloniyada atasını “həbsxana içində həbsxanaya” – ayrıca baraka salıblar.
Darya Navalnayanın fikrincə, məqsəd odur ki, atası ətrafdan tam təcrid olunsun, səsi heç hara çatmasın, həmçinin ölkədə, dünyada baş verənlərdən xəbərsiz qalsın: “Onu barakdan qırağa çıxmağa qoymurlar, heç kimə atamla ünsiyyət saxlamağa imkan vermirlər”.
Darya Navalnaya bunu psixoloji işgəncə kimi qiymətləndirib. O, ümumiyyətlə 6 saylı koloniyanın çox ağır həbsxana olduğunu, dustaqlara işgəncələrin verilməsi, dustaqlar arasında qətllərin törədilməsi hadisələri ilə bədnam ad çıxardığını vurğulayıb.
Navalnayanın sözlərinə görə, 6 saylı koloniya Rusiyanın ciddi rejimli cəzaçəkmə müəssisələri içərisində ən təhlükəli koloniyalardan biridir.
Rusiya prezidenti Vladimir Putinin Aleksey Navalnını susdurmağa çalışdığını söyləyən Darya Navalnaya atasının taleyi sarıdan çox nigaran olduqlarını bildirib. O qeyd edib ki, atası daima onu məhv etmək istəyən şəxslərin əlindədir.
Mənbə: CNN.com