Siyasətçi İbrahim İbrahimlinin vəfatından bir il ötür.
1952-ci ildə doğulan İbrahim İbrahimli milli azadlıq hərəkatının (1988-1991) öncül şəxslərindəndir. 1990-1995-ci illərdə parlamentin üzvü olub. Azərbaycan Xalq Cəbhəsi (AXC) İcraiyyə Komitəsinin sədri, AXC sədrinin birinci müavini postlarını tutub, Müsavat Partiyasının rəhbərliyində yer alıb. 2003-2005-ci illərdə həbsdə yatıb.
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü olan İbrahim İbrahimli 2021-ci il iyunun 16-da dünyasını dəyişib.
Novator.az-ın məlumatına görə, siyasətçini anan AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli yazır: “İbrahim İbrahimli sübut etdi ki, hətta Azərbaycan kimi ölkədə də ömrü sona qədər ləyaqətlə yaşamaq olar.
İbrahim bəy sübut etdi ki, insan iradəsi işgəncəyə də, həbsə də, 10 illər ərzində davam edən maddi məhrumiyyətlərə də qalib gələ bilir.
İbrahim bəy nümayiş etdirdi ki, insan üçün qürurlu, ləyaqətli həyat hər cür var-dövlətdən, vəzifə və imtiyazdan üstündür.
İbrahim bəy sübut etdi ki, xalqımız qədirbiləndir. Ləyaqətini milyonlara, milyardlara qurban verənləri ölümündən sonra yada salmayan xalqımız İbrahim bəy kimi mərd, qürurlu, mübariz insanları ölümündən sonra da unutmur, xatirəsini yaşadır.
İstiqlalçı millət vəkili, mərdlik və mübarizlik simvolu İbrahim İbrahimlini hörmətlə anır, ona sonsuz sayğımızı ifadə edirik”.
2022-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin 31 ili tamam olur. 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
Dövlət müstəqilliyinə aid daha bir gün var. 1991-ci il martın 7-si parlamentdə “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbul olunub. 43 deputat 17 mart referendumuna qatılmağın əleyhinə çıxıb. Onların biri İbrahim İbrahimlidir.