İyunun 16-sı “Qlobal dünya nizamına təhdidlər” mövzulu Qlobal Bakı Forumunda çıxış edən prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəldiyini xatırladıb: “Müharibə ədalətli idi, labüd idi və ədalətin, beynəlxalq hüququn, Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanıb. Ermənistanın işğalı səbəbindən. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.
Biz sülh razılaşması üzərində çalışmağa başlamağı təklif etdik. Ermənistan cavab vermədi. Sonra biz daha bir addım atdıq. Hər iki ölkənin sərhədlərini və ərazi bütövlüyünü qarşılıqlı tanımaq, ərazi iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri irəli sürdük. Bu beş prinsipi Ermənistan hökumətinin qəbul etməsi bizi məmnun etdi. Lakin indi biz praktiki icraya keçməliyik. Çünki bəzən Ermənistan rəsmilərinin hətta yüksək səviyyədə ifadə etdiyi sözlərin o qədər də böyük məna daşımadığını bilirik. Çünki bizə addımların atılması lazımdır. Azərbaycan sülh razılaşması üzrə komissiyasını yaradıb və biz eyni addımı Ermənistanın da atmasını gözləyirik. Bu addım atılan kimi və ya atılan təqdirdə danışıqlar başlayacaq.
Biz həmçinin sərhədimizin delimitasiyasına başlanması ilə bağlı təklif irəli sürdük. Çünki sərhədimizin ən böyük hissəsi də işğal altında idi və orada heç vaxt delimitasiya aparılmayıb. Bu proses də başlanıb və Azərbaycan-Ermənistan sərhəd komissiyasının birinci birgə iclası keçən ay sərhəddə baş tutub. Biz bu yolun uzun olduğunu anlayırıq, lakin bu proses artıq başlayıb.
Eyni zamanda biz kommunikasiyaların açılmasını, Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əməl edəcəyini gözləyirik ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olsun. Ermənistanın kapitulyasiya aktı imzalamasından bir il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir. Birincisi, bu, üçtərəfli bəyanatın müddəalarının pozulmasıdır və regionda sanki bir disbalans yaradır. Çünki eyni bəyanata əsasən, Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Bir il yarımdır ki, ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq. Bizə belə bir əlaqə yolunun verilməsi məsələsinin məqsədyönlü şəkildə gecikdirilməsi səmərəsizdir. Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”.